Səttar Mehbalıyev: “Tikilən binaların layihələrinin ekspertizadan keçməməsi bizi narahat edir”
Son illərdə bədbəxt hadisələr əsasən tikinti-quraşdırma, neft və qaz sənayesi və elektroenergetika sahələrində baş verir. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, yalnız müəssisə və təşkilatlarda təmir və quraşdırma işləri aparılan zaman 2011-ci ilin I rübündə 24 nəfər istehsalatda həlak olub, 48 nəfər isə xəsarət alıb. Həmkarlar ittifaqı xidmətinə daxil olan müəssisə və təşkilatlarda isə 4 işçi həyatını itirib: "Aparılan təhlillər göstərir ki, onlar əsasən tikintidə əməyin mühafızəsi tələblərini tam bilməmələri və ya onlara əməl olunmaması üzündən baş verir. Bizi narahat edən digər məsələlərdən biri də, tikilən binaların layihələrinin ekspertizadan keçməməsidir. Tikintidə çalışan işçilər lazımi ixtisasa yiyələnmədən, gördüyü işlərə uyğun peşələri olmadan işə cəlb olunurlar. Tikinti materialları, avadanlıqları, qurğuları lazımı sınaq və analizlərdən keçmədən istifadə olunur. Əminəm ki, əgər respublikanın iqtisadiyyatında fəaliyyət göstərən bütün müəssisə və təşkilatlarda həmkarlar ittifaqları yaradılsa idi, problemlərin böyük hissəsi həmkarlar ittifaqı təşkilatları tərəfındən həll oluna bilərdi".
Son illərdə həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi nöqteyi-nəzərindən qənaətbəxş olmayan müəssisə və istehsalatlarda 1500-dən artıq müayinələrin aparıldığını deyən S.Mehbalıyev vurğulayıb ki, ictimai nəzarəti həyata keçirən texniki əmək müfəttişliyi 1000-dən artıq qanunvericiliyi, həmçinin sanitar qaydalarına və sanitar-gigiyena təhlükəsizliyinə dair qanunvericilik tələblərinin pozulması hallarını aşkara çıxarıb. Belə ki, 2010-cu ildə aparılmış yoxlamalar zamanı üzə çıxarılan nöqsanların 81 faizi aradan qaldırılıb: "Respublika üzrə təqdim olunmuş 2010-cu ilin statistik məlumata əsasən istehsalatda zədələrin sayı, o cümlədən ölümlərin sayı 2009-cu ildəkinə (2010-cu ildə 7,7 faiz) nisbətən xeyli azalıb. 2010-cu ildə həmkarların xidmətinə daxil olan müəssisə və təşkilatlarda, istehsalatda zədələnmələrin sayı 17,0 faiz azalıb, 54 işçi müxtəlif ağırlıq dərəcəsindən asılı olaraq müvafıq zədə alıb, bu rəqəm 2009-cu ilə nisbətən 65 olmuşdur, istehsalatda ölənlərin sayı isə 16,6 faiz azalıb. 2010-cu ildə ölənlərin sayı 15 nəfər idisə, 2009-cu ildə bu rəqəm 18-ə çatıb.".
Qeyd edək ki bu gün Ümumdünya əməyin mühafızəsi gününə həsr olunan "Əməyin təhlükəsizliyinin və sağlamlığının idarə edilməsi sistemi: Fasiləsiz təkmilləşmənin yolları" devizi altında tədbir keçirilib. Tədbirdə Həmkarlar İttifaqlarının fəaliyyəti və yerli nəzarət orqanları ilə qarşılıqlı əlaqədə işləmək prinsipləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB