GAP və REAL AXCP və Müsavata hansı ittihamları irəli sürür? TƏRS BAXIŞ

GAP və REAL AXCP və Müsavata hansı ittihamları irəli sürür? TƏRS BAXIŞ

İttihamlar tükənmir, konstruktivlər radikallara meydan oxuyurlar

İqtidarın siyasi islahatlar çərçivəsində müxalifyönlü partiyalara da yeni baxış sistemində münasibət sərgiləməsi köhnə təfəkkürdə və radikalçılıqda israrlı olan digər partiyaları ciddi şəkildə narahat etməyə başlayıb. Ölkədə yaranmış dialoq mühitini yüksək dəyərləndirən müxalifət partiyalarının əksəriyyəti bu amilin davamlı xarakter alacağına ümid etdiklərini bildirməklə yanaşı, onları “xəyanətkar”, “satqın” adlandıran radikalların da cavablarını verməkdədirlər. Əslində, dağıdıcılıq prizmasında dayanan tərəflərin dövlətə, xalqa və dövlətçilik maraqlarına xəyanət etdiklərini deyən müxalifyönlü siyasi təşkilatların rəhbərləri sərt ittihamlarını bu gün də davam etməkdədirlər.

Əsasən, REAL partiyasının rəhbəri İlqar Məmmədovun, Rəsul Cəfərovun Ali Məhkəmənin hökmü ilə bəraət almalarına, Oqtay Gülalıyevin Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə davam edən müalicəsinə, Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatının ardınca onun Naxçıvanda dəfni və Bakıda keçirilmiş yas mərasimlərinin dövlət tərəfindən qarşılanmasına, Naxçıvandakı yas mərasimində iştirak etmək istəyənlərə pulsuz şəkildə iki təyyarənin ayrılmasına, Azadlıq partiyasının sədri Əhməd Orucun müalicəsinin qarşılanmasına və digər məsələlərə toxunan müxalifətçilər bütün bunların qarşılığında AXCP və Müsavat partiya rəhbərlərinin iddialarını sərsəmlik, qeyri-konstruktivlik və mənfi tendensiya adandırırlar.

Ağasif Şakiroğlu: “Həyat bioqrafiyası başdan ayağa ləkədən ibarət olan birilərinin nə deməsinin və nə danışmasının heç bir əhəmiyyəti yoxdur!”

Misal üçün, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib ki, bu kimi addımlara “ağız büzən” və ilk fürsətdə ölkədə dialoq mühiti fonunda formalaşmaqda olan sivil iqtidar-müxalifət münasibətlərini dəyərləndirə bilməyən (və ya dəyərləndirmək istəməyən) marginal qruplar görülən müsbət işlərə, atılan müsbət addımlara qarayaxma cəhdlərində bulunurlar: “Bu cığal siyasətbazlar indi də İlqar Məmmədovu və dövlətin atdığı müsbət addımları ləkələmək yolu tutublar. Amma anlamırlar ki, həyat bioqrafiyası başdan ayağa ləkədən ibarət olan birilərinin nə deməsinin və nə danışmasının heç bir əhəmiyyəti yoxdur!”

GAP sədri: “Bu cür müsbət işlərə “mız” qoymağa çalışan avantürist, marginal qruplar...”

GAP sədri həmçinin bildirib ki, bu marginal və qaragüruh qrupların dövlət və sivil münasibətlər əleyhinə fəaliyyəti, böhtanları bir daha onların hakimiyyətlə deyil, dövlətçiliklə müxalifətçilik etmək sevdalarından irəli gəldiyini ortaya qoymuş oldu. “Axı dövlət və dövlətçiliklə düşmən mövqedə necə dayanmaq olar? Məgər bu dövlət bizlərin hamımızın deyil?!”, deyə sual edən Şakiroğlu AXCP və Müsavatı avantüraçı adlandırıb: “Bu cür müsbət işlərə “mız” qoymağa çalışan avantürist, marginal qruplar Həlimə xanım rəhmətə gedəndə, Oqtay Güləliyev qəza keçirəndə, Əhməd Oruc xəstəliyi ilə ortalıqda qalanda harada idilər?! Elçibəyin ailə üzvünün, lap dəqiq desəm, həyat yoldaşının cənazəsi ortada qalsaydı, Oqtay Gülaliyev və Əhməd Oruc müalicə edilməməsi səbəbindən dünyadan köçsəydi Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi “siyasi xadimlərin” ürəyincəmi olacaqdı hər şey?! Bir az böyük düşünmək lazımdır. Onu da anlayıram ki, böyük düşünmək böyük insanlara xas olan keyfiyyətdir. Bu böyüklük də, təəssüf ki, sizdə yoxdur...”

Natiq Cəfərli: ““AXCP – Əli bəyə və onun sözündən çıxmayan tərəfdarlarına tövsiyəm odur ki…”

REAL partiyasının icraçı katibi Natiq Cəfərli də eyni mövqeni sərgiləməklə yanaşı, AXCP və Müsavata tövsiyələr verməyi də unutmayıb. “AXCP – Əli bəyə və onun sözündən çıxmayan tərəfdarlarına tövsiyəm odur ki, başqalarına qarayaxmadan, çamur atmadan, “əsl müxaliflik” testi uydurmadan öz yolları ilə getsinlər”, deyə qeyd edən N.Cəfərli ironic şəkildə əlavə edib ki, əgər tutduqları yola inanırlarsa, onlara ancaq uğur diləyə bilər: “Təki uğurlu olsunlar – amma başqa cür düşünənlərə, davrananlara damğa vurmaq kimi anti-demokratik davranışdan əl çəksinlər. Kiçicik tövsiyəm də odur ki, AXCP öz ritorikasına görə “soldur”, amma nədənsə israrla özünü “sağ” kimi təqdim edir – ölkədə güclü sol partiyaya ehtiyac var, 20 illik eyni ritorikanı kənara qoyub sözün siyasi mənasında “sola” dönsünlər, məncə, uğurlu alınacaq, bizim üçün də siyasi müstəvidə, ideoloji çərçivədə rəqabətli mühit olacaq”.

REAL partiyasının rəsmisindən Müsavata: “AXCP-yə baxıb addımlar atmasınlar”

Müsavat haqqında da eyni fikirləri bildirən Cəfərli müsavatçıların AXCP-nin yolu ilə getdiyini bildirib və bunun həmin partiyaya baş ucalığı gətirməyəcəyini deyib. “...Çalışsınlar ki, artıq özləri olsunlar, daim AXCP-yə baxıb addımlar atmasınlar, onları “müxalifət etalonu” sayıb, məhz o cinahdan gələ biləcək tənqidlərdən çəkinərək özləri olmaqdan vaz keçməsinlər. İmkan vermək olmaz ki, kimsə bu məmləkətdə “müxalifət naziri” olub, kimin əsl müxalif olub-olmamağına qərar versin - bu həm absurd, həm də anti-demokratikdir yanaşmadır...”

Göründüyü kimi, hər şey göz önündədir və fakt budur ki, normal siyasi çərçivədə hadisələrə doğru qiymət verməyi bacaran müxalifət partiyaları dövlətçilik ənənələrini hər şeydən üstün tutmaqla yanaşı, həm də əslində radikalçılıq, dağıdıcılıq, qaragüruhçuluq və sözün əsl mənasında qara-qışqırıq salan partiyalara meydan oxumağa başlayıblar. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda son vaxtlar onlar tərəfindən səsləndirilən ittihamlar da məhz bu cür qənaətə gəlməyə zəmin yaradır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə