Azad İsazadə: “Cəbhə bölgəsindəki hərbi təlimlər ilk növbədə siyasi təzyiq formasıdır”
Azərbaycan-Ermənistan cəbhə xəttində tərəflərin keçirdikləri hərbi təlimlər birinci növbədə güc nümayişidir. SİA-ya açıqlamasında bu sözləri hərbi ekspert Azad İsazadə son günlər cəbhə xəttində artan təlimlərə münasibət bildirərkən deyib.
O, bildirib ki, hərbi təlimlər hərbi hazırlıq olmaqla yanaşı həm də hərbi-siyasi təzyiq formasıdır. Ekspert sözügedən təlimlərin vəziyyəti gərginləşdirəcəyini istisna edir: "Tərəflər müharibəyə hazırdırsa və müharibə istəyirlərsə, istənilən vaxtda bəhanə tapılır. Bu zaman təlimlərə ehtiyac olmaya da bilər".
Gürcüstan parlamentinin "Hərbi yüklərin və şəxsi heyətin ölkə ərazisindən tranziti haqqında 2006-cı il martın 31-də Rusiya ilə imzalanmış sazişin müddəti başa çatdıqdan sonra qüvvədən düşmüş sayılması haqqında" qərarına da toxunan ekspert bunun Rusiyanın Ermənistanda yerləşən hərbi bazasına, eyni zamanda Ermənistanın silah arsenalına mənfi təsir edəcəyini deyir: "Ermənistan ordusu rəsmi və qeyri-rəsmi şəkildə Gümrüdəki bazadan silah alır. Təbii ki, Rusiya bazanı mütəmadi olaraq silahla təmin edə bilməsə, silahları Ermənistana verməyəcək, özü üçün saxlayacaq. Maksimum 5-6 aydan sonra Ermənistan silah çatışmazlığını hiss edə bilər".
A.İsazadə Ermənistana silah daşınması üçün yalnız İran yolunun qaldığını, bu yolun isə baha olduğunu deyib.
Rusiyanın həm Azərbaycana, həm də Ermənistana silah satmasına gəlincə, ekspert bildirib ki, Rusiya daha çox iqtisadi mənfəət güdür: "Rusiya münaqişə tərəfləri olsa belə kimisə əldə buraxmaq istəmir, silah sataraq pul qazanır. Silah dünyada ən çox pul gətirən ticarət növlərindən biridir. Rusiya belə bir bazarı niyə əldən versin?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB