İslahatların əsas məqsədi vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasıdır - ŞƏRH ÖZƏL
“Azərbaycanın yeni Baş prokurorunun təyin edilməsi hüquq sisteminde islahatların geniş səhifəsinin açılması deməkdir. Vəzifəyə təyin edilən Kamran Əliyev uzun müddət Azərbaycan prokurorluq sistemində işləmiş, korrupsiya ilə mübarizə sahəsində rəhbərlik etmiş bir insandır. Onun namizədliyinin irəli sürülməsi cənab Prezidentin gənc kadrlara önəm verdiyini, eyni zamanda özünü artıq işlədiyi sahədə kifayət qədər müsbət göstərmiş kadrları irəli çəkdiyinə bir sübutdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, cənab Prezident Kamran Əliyevi videokonfrans vasitəsilə qəbul edərkən prokurorluğun bundan sonrakı fəaliyyəti ilə bağlı öz fikirlərini bildirib: “Prokurorluğunun qanunun müdafiə edilməsində böyük rolu olduğunu bir daha vurğulayıb. Eyni zamanda prokurorluğun korrupsiyaya qarşı mübarizədə fəal rol oynamasının da vacibliyi diqqətə çatdırılıb. Yəni dövlətçiliyimizin bütün sahələrində inkişaf getdikcə çox təəssüf ki, bəzi vəzifəli şəxslər korrupsiyaya qurşanaraq onlara göstərilən etimadı doğrultmur. Cəmiyyətdə pis nümunə yaradırlar. Bunların qarşısının vaxtında alınması, korrupsiya əməllərinin ifşa edilməsi, vətəndaşların qanuna, hüquqa olan inamının daha da möhkəmləndirilməsi prokurorluq qarşısında duran əsas vəzifələrdən biri hesab edilə bilər”.
A.Mirzəzadə qeyd edib ki, eyni zamanda cənab Prezidentin son dövrdə Azərbaycanda görülən işlərlə bağlı öz fikrini bildirməsi bir daha göstərib ki, koronavirus pandemiyası dövründə Azərbaycan dövləti hər bir vətəndaşın sosial vəziyyətini diqqətdə saxlayır və bunun üçün bütün imkanlardan istifadə edir: “Bunun nəticəsidir ki, bu gün Azərbaycan koronavirusla mübarizədə dünyada ən yaxşı nəticələri göstərməkdədir. Dünən yeni Baş prokurorun təyin edilməsi, onun kollektivə təqdim edilməsi bütün bunlar hamısı Azərbaycanda islahatların bütün sahələrdə getdiyini görür, islahatçılığın günümüzün tələbi və əsas fəlsəfəsi olduğunu bir daha yəqin edirik. İslahatçılığın əsas məqsədi isə vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması, insanlarımızın daha yaxşı yaşaması üçün şəraitin təmin edilməsidir. Cənab Prezidentin apardığı siyasət bunu gündəlik həyatımız üçün reallığa çevirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB