"Əhali məsuliyyətli olmalı, taleyi ilə zarafat etməməlidir" ÖZƏL-MÜNASİBƏT

"Əhali məsuliyyətli olmalı, taleyi ilə zarafat etməməlidir" ÖZƏL-MÜNASİBƏT

"Mütəxəssislər virusun ikinci dalğasının baş qaldıracağından ehtiyatlanırlar. ÜST rəsmiləri ikinci dalğanın birinci dalğadan daha təhlükəli olacağını proqnozlaşdırırlar. Ümumi rəy bundan ibarətdir ki, ikinci dalğa başlayanda evdə oturan adamlar da virusa yoluxacaqlar. Hazırda cəmiyyət olaraq, bizim qarşımızda dayanan əsas vəzifə ikinci dalğanın gəlməsinin qarşısını almaqdır". Bunu SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Təşkilat rəhbəri bildirib ki, dövlət virusun geniş yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər görür, zəruri qərarlar qəbul edir. Vətəndaşların borcu həmin qərarlara riayət etməkdir: "Azərbaycan hüquqi dövlətdir. Biz Hindistanda yaşamırıq ki, karantin rejimini pozanları polis dəyənəklə döysün. Sağlamlıqlarının qeydinə həm də insanlar özləri qalmalıdırlar. Azərbaycanda koronavirus qurbanlarının sayının az olması heç də təhlükənin miqyasını kiçiltmir. Virus ortaya çıxanda Türkiyədə insanlar kütləvi şəkildə balıq tuturdular. O vaxt balıq tutanların çoxu indi koronavirusa tutulub. Əhali məsuliyyətli olmalı, taleyi ilə zarafat etməməlidir. Bir çörək üçün ailənin 4 üzvünün marketə getməsinə ehtiyac yoxdur. Koronavirusun dəhşətli bəla olduğunu anlamaq üçün ailə üzvlərimizdən, yaxınlarımızdan birinin virusa tutulması şərt deyil".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə