Rəsul Quliyevdən Əli Kərimliyə: AXMAQ!

Rəsul Quliyevdən Əli Kərimliyə: AXMAQ!

Eks spiker: "Azərbaycan Xalq Cəbhəsi Partiyası ağıldan kəm, nadanlar istehsal etmək maşınına çevrilib"

Sabiq spiker, uzun müddət idi ki, siyasi arenada fikir bildirməyən Rəsul Quliyevin yenidən sosial şəbəkədə canlanması maraqdoğurucudur. Belə ki, onun artıq bir neçə ildir ki, "Milli Şura"dan ayrıldığı və həmin andan etibarən AXCP sədri Əli Kərimliyə, eləcə də ətrafına düşmən kəsildiyi bəllidir. Bunun isə bir neçə tərəfləri var...

R.Quliyev hələ ADP-də sədr olarkən, radikal müxalifətlə münasibətləri müəyyən qarşılıqlar hesabına normal idi. O, ADP-dən istefa verib, ACP-yə sədrliyə qayıdarkən isə, artıq həmin münasibətlər qarşıdurma səviyyəsinə çatmışdı. Daha dəqiq desək, maliyyələşmə və s. maddi məsələlərdə R.Quliyev pul kisəsinin ağzını düyünləmişdi.

Sabiq spikerin yenidən canlanması və qarşı tərəfə ağır ittihamlar irəli sürməsi maraq doğursa da, təəccüb də yaratmır

Yalnız "Milli Şura" yaradılarkən o uzun müddətli çək-çevirdən sonra qurumun maliyyə məsələlərində iştirak edərək, mitinqlərin keçirilməsinə köməkliklər göstərib. Eyni zamanda, eks-spikerin o zamankı Rusiyayönümlü "Milyarderlər İttifaqı" ilə də münasibətləri yaranmışdı. Çünki o da sirr deyil ki, "Milli Şura"nın yaranmasında əsas cinah məhz "Milyarderlər İttifaqı" olub. Ancaq adıçəkilən qurumda işlər çərçivədən çıxanda və Müsavat partiyası da daxil olmaqla bir neçə siyasi partiyalar oradan istefa verəndə R.Quliyev anladı ki, əsasında AXCP sədrinin şəxsi maraqları dayanan "Milli Şura" onun pul-parasına son qəpiyinə qədər yeməmiş əl çəkən deyil. Məhz həmin vaxtdan etibarən o kənara çəkilərək, oradakı "liderləri" ittiham atəşinə tutmağa başladı. Beləliklə, həmin hal uzun müddət davam etdi, hətta təhqirlərə qədər inkişaf etdi, lakin sonradan bu məsələlər seyrəldi.

Bu baxımdan, sabiq spikerin yenidən canlanması və qarşı tərəfə ağır ittihamlar irəli sürməsi maraq doğursa da, təəccüb də yaratmır.

Rəsul Quliyev: "Bu insanlar deqradasiyaya uğramış əxlaqlarını tərbiyə etməlidirlər"

Beləliklə, gücünü yenidən sosial şəbəkəyə səfərbər edən R.Quliyev bu dəfə yazıb ki, bir çoxlarından fərqli olaraq sosial şəbəkədə yazılan şərhləri oxuyur və əgər ağılsızlıq etalonu deyilsə cavab verir. Daha dəqiq desək, o Ə.Kərimlinin ona hücuma keçən trollarını ağılsız adlandırır.

"Özlərini cəbhəçi adlandıranlar tərəfindən yazılmış tərbiyəsiz yazıları oxuyanda millətin bəzi övladlarının belə aşağı səviyyədə olmalarından çox məyus oluram", deyə qeyd edən sabiq sipker bütün bu kimi tərbiyəsizliklərin arxasında bilavasitə Ə.Kərimlinin dayandığına işarə edib. Çünki sirr o da sirr deyil ki, nəinki indi, uzun illərdir ki, AXCP əxlaqsızlıq yuvasına dönüşüb və sosial şəbəkələrdə söyüş trollarının yaradılması da Ə.Kərimlinin "zəhmətidir".

"Özünü ağıllı təqdim etmək üçün bu sayda insanları ağıldan şikəst etmək xalqa qarşı ən böyük cinayətdir!"

R.Quliyev ifadələrini bir daha AXCP sədrinə tərəf kökləyərək yazır ki, söyüşlərin tərzi və üslubu arxasında Ə.Kərimlinin dayanması şübhə doğurmur: "Bu yazıların tərzi və üslubu xaricdən təşkil edilmiş söyüş kampaniyalarının (ifrat tərbiyəsizlik, nadanlıq etalonu) müəlliflərinin mətbəxində yetişdirilməsi qənaəti yaradır. Bu səviyyədə aşağı keyfiyyətli, ağılsız üzvləri olan bir komandanın özlərini müxalifət adlandırmağa haqları yoxdur. Bu tip insanlar mütləqdir ki, müxalifət olmamışdan öncə deqradasiyaya uğramış əxlaqlarını tərbiyə etsinlər".

R.Quliyev Ə.Kərimlini ağılsız adlandıraraq onu xalqa qarşı cinayət etdiyini bildirib: "Adətən, ağlı yerində olan liderlər buraxılmış səhvləri nəzərə alaraq yeni nəsl, yeni ağıllar yetişdirməyə çalışır. Azərbaycan Xalq Cəbhəsi Partiyası isə, təəssüf olsun ki, ağıldan kəm, nadanlar istehsal etmək maşınına çevrilib. Özünü ağıllı təqdim etmək üçün bu sayda insanları ağıldan şikəst etmək xalqa qarşı ən böyük cinayətdir!"

Beləliklə, düşərgənin ənənəvi kəsimində vəziyyət yenidən qızışır və R.Quliyev əslində haqlı irad və ittihamlarını irəli sürərək, ona qarşı başladılmış kampaniyanı bu cür şərh edib və əlbəttə ki, bu suçlamalarında haqlı mövqedədidr.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə