"Rusiya bəyanatların arxasında dayanarsa..." AÇIQLAMA-ÖZƏL

"Rusiya bəyanatların arxasında dayanarsa..." AÇIQLAMA-ÖZƏL

“Son olaylar belə deməyə əsas verir ki, Moskva həqiqətən də Ermənistana arxa durmağı nəhayət, dayandıra bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə tərəflər arasında ATƏT Minsk qrupu həmsədrlərinin də iştirakı ilə video-konfransın təşkil edildiyini xatırladan politoloq söyləyib ki, həmin tədbir münaqişənin həlli istiqamətində irəliləyişə səbəb olacaq addım kimi qiymətləndirilə bilərdi: “Lakin əfsus ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatasakanyanın məlum açıqlamasından sonra proses yenidən tormozlandı. Rusiya xarici işlər naziri Lavrov müzakirə masasında mərhələli həll planının olduğunu bildirmişdi. Kreml rəsmisinin bu açıqlaması ilə İrəvanda təşviş yaratdı. Əslində, mərhələli həll variantını Ermənistan hakimiyyətinin özü də qəbul edib. Neçə illərdir danışıqlar məhz bu müstəvidə aparılıb. Belə olan halda, həmin məqamı inkar etməklə görünür, İrəvan danışıqların dalana dirənməsinə çalışır”.

Rusiyanın regionda ciddi maraqlarının olduğunu deyən. M. Əsədullazadə vurğulayıb ki, Kreml Cənubi Qafqaza özünün arxa bağçası qismində baxır: “Onlar hesab edir ki, Qarabağ münaqişəsinin həlli istiqamətində atılan hər hansı bir pozitiv addım regionun təsir dairələrindən çıxmasına gətirə bilər. Amma regionda yeni nizam formalaşır. Bu fonda Rusiyada da başa düşürlər ki, Cənubi Qafqazda möhkəmlənmək üçün ilk növbədə burada yaranan münaqişələrə ədalət prizmasından yanaşmaq gərəkdir. Ermənistan da bundan narahatdır. Nəticədə Moskva ilə İrəvan arasında münasibətlər soyuyur. Ermənistan ictimaiyyəti artıq ümumən Rusiyaya əvvəlki tək inanmır”.

Politoloq qeyd edib ki, Rusiya münaqişənin ədalətli həllini istəyirsə, Ermənistana təzyiq etməlidir: “İrəvan da bundan qorxur ki, Rusiyanın təzyiqi fonunda münaqişə konkret olaraq Azərbaycanın xeyrinə həll olunacaq. Görünən odur ki, artıq Rusiya da ermənilərin avantürist olduğunun fərqindədir. Onlar görür ki, yalnız Rusiyanın dəstəyilə ayaqda qala bilən Ermənistan bir bəyanata görə, Moskvaya arxa çevirir. Bu müstəvidə də Kremlin Ermənistanın arxasından çəkilə biləcəyi ehtimalları səslənir. Ermənistanın hazırkı hakimiyyəti iqtidara gələndən bu yana yürütdüyü siyasətilə Moskvanı onsuz da özündən incik salıb. Rusiya verdiyi son bəyanatların arxasında dayanarsa, həqiqətən də münaqişənin həlli yolunda müəyyən müsbət çalarlar görmək olar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə