"Koronavirus təhlükəsinin azalması onun yox olması demək deyil" RƏY-ÖZƏL
“Koronavirus dünyanı bürüyən bir fəlakətdir. Virusa qarşı mübarizədə hansı tədbirlər görülməlidirsə, Azərbaycan dövləti tərəfindən bu istiqamətdə bütün lazımi addımlar atıldı. Bu gün ölkəmizdə pandemiya ilə mübarizədə əldə olunan uğurlar məhz indiyədək görülən işlərin nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
O bildirib ki, bu gün koronavirus pandemiyası ilə bağlı müəyyən zəifləmələr varsa, buna hər kəs çox sevinir: “ Azərbaycan da əlbəttə ki bu sevincə qoşulur. Amma təhlükənin azalması onun tamamilə yox olması demək deyil. İnsanlar bundan sonra da məsuliyyətli olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunan qayda və tövsiyələrə əməl etməlidirlər”.
Deputat söyləyib ki, dünya ölkələrində olduğu kimi Azəbaycanda da karantin rejimi ilə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılıb: “Lakin pandemiya bitməyib. Normal həyatımıza qayıtmaq üçün hələ də profilaktik tədbirlərə, zəruri sanitar-gigiyenik tədbirlərə əməl etməliyik. İşimizi, məktəbləri, baxçaları, metronun eləcə də digərlərinin fəaliyyətini yalnız xəstəliyin aradan qalxması müqabilində bərpa edə bilərik".
A.İsgəndərov qeyd edib ki, Azərbaycanda pandemiya ilə mübarizə istiqamətində qəbul edilən bütün qərarlar insanların sağlamlığının qorunması naminədir: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ən qiymətli kapital insandır. Biz insanlar dövlətimizin pandemiya ilə bağlı uğurlu mübarizə tədbirlərini sona çatdırmalıyıq. Əgər biz karantin rejiminin yumşaldılması ilə əlaqədar təhlükənin sovuşduğu əhval-ruhiyyəsinə daxil olsaq, o zaman əldə olunan uğurları kölgə altına sala bilərik. Əgər uğurlarımızın sona qədər olmasını, pandemiyadan uğurla çıxan ölkələrin siyahısında qalmaq istəyiriksə tətbiq olunan qaydalara ciddi əməl etməliyik”.
Yaşı 65-dən artıq olan vətəndaşların bu məsələlərə daha çox diqqət etməsinin vacibliyini vurğulayan deputat deyib ki, bu yaş kateqoriyasına aid olan şəxslərin qaydalara əməl etməsi onların qorunması, daha çox yaşaması üçündür: “Yaşlı insanlar daha çox özünütəcrid etməli "Evdə qal”malıdırlar. Tezliklə normal həyatımıza qayıtmaq üçün hər birimizin bu şüara əməl etməsi vacib və zəruridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB