"Əhalidən qayda və qanunlara ciddi riayət olunmaq gözlənilir" AÇIQLAMA - ÖZƏL

"Əhalidən qayda və qanunlara ciddi riayət olunmaq gözlənilir" AÇIQLAMA - ÖZƏL

"Aprelin 27-də xüsusi karantin rejiminin nisbətən yumşaldılmasına baxmayaraq ölkəmizdə koronavirus təhlükəsi hələ də sovuşmayıb. Belə ki, rəsmi statistikaya əsasən hal-hazırda Azərbaycanda xəstəxanalarda 500-ə qədər insan koronavirusa görə müalicə alır. Baxmayaraq ki, gün ərzində təxminən 30-40 nəfər sağalaraq evə buraxılır, hələ də ölkədə hər gün yoluxma faktı qeydə alınır. Bu isə o deməkdir ki, əhalidən hələ də qayda və qanunlara əvvəlki qaydada və ciddi riayət olunmaq gözlənilir. Karantin rejimi mayın 4-nə qədər uzadıldı. Hətta mayın 4-də karantin rejimindən çıxılsa belə, insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər.

Politoloq söyləyib ki, bunu nəzərə alaraq dövlət məsələni nəzarətdə saxlayır: "Bunun məntiqi davamı kimi əhali də anlamalıdır ki, COVID-19 xəstəliyinə qarşı hər hansı bir qəti zaman çərçivəsinin müəyyənləşdirilməsi düzgün olmaz, çünki bu zaman tələb edən uzunmüddətli bir prosesdir. Bu səbəbdən əhali mövcud qaydalara riayət etməli və zəruri profilaktik tədbirlərin davam etdirilməsinin vacibliyini dərk etməlidir. Bunun isə yolu gigiyena qaydalarına daha ciddi riayət etməkdən keçir. Bu işdə müvafiq qurumların da üzərinə böyük iş düşür. Belə ki, gigiyena qaydalarına daha ciddi riayət olunması ilə bağlı maarifləndirici materiallar, video çarxlar bərpa olunmalı, yeniləri geniş ictimaiyyətə təqdim olunmalıdır".

Ş. Həsənova qeyd edib ki, yalnız yeni yoluxma faktı qeydə alınmadıqda, xəstəxanalarda müalicə edilən insanların sayı kəskin azaldıqda virusun ölkəmizdə yox ola bilməsi haqqında danışmaq olar: "Lakin ölkəmizdə hətta 1-2 nəfərdə olsa belə koronavirusa yoluxma faktı varsa bu şəxslər risk qrupuna daxil olan insanlar sayılacaqlar. Bu baxımdan da ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik məsafə tələbinə riayət etməlidirlər. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda koronavirusla mübarizə istiqamətində ən effektiv addımlar atıldı. Düşünülmüş və planlı işin nəticəsi idi ki, digər ölkələrlə nisbətdə Azərbaycan mövcud bəladan az itkilərlə çıxdı. Xalqımız ilk günlərdən birlik nümayiş etdirdi. Daha sonra cənab Prezidentin “məsuliyyətli olmalıyıq” çağırışına qulaq verən xalqımız bu mübət tendensiyanı hələ də davam etdirməli, qayda-qanunları və gigiyena qaydalarını həyatlarının ana xətti kimi müəyyənləşdirməlidirlər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə