Elçin Mirzəbəyli: “Gümrüdəki hərbi bazanın şəxsi heyətinin mütəmadi olaraq dəyişdirilməməsi ciddi problemlər yarada bilər”
Xəbər verildiyi kimi, Gürcüstan parlamenti "Hərbi yüklərin və şəxsi heyətin ölkə ərazisindən tranziti haqqında 2006-cı il martın 31-də Rusiya ilə imzalanmış sazişin müddəti başa çatdıqdan sonra qüvvədən düşmüş sayılması haqqında" qərar qəbul edib. Sənəd Rusiya Müdafiə Nazirliyinin hərbi yüklərinin və şəxsi heyətinin Gürcüstanın quru və hava məkanından istifadə etməklə Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazaya tranziti qaydalarını müəyyənləşdirirdi. Sazişin şərtlərinə əsasən 5 illik müddət başa çatdıqdan sonra tərəflərdən biri digərini bu sazişin ləğvi barədə məlumatlandırmasa, sənədin müddəti avtomatik olaraq 1 il uzadılmış sayılacaqdı. Saziş 2006-cı il martın 31-də Soçidə Rusiya hərbi bazalarının Gürcüstan ərazisindən çıxarılması barədə müqavilə ilə birlikdə imzalanıb.
SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib ki, sözügedən qərarın qəbulu ilə bağlı yayılan məlumatlara düzəliş edilməlidir. O, qeyd edib ki, prezident Mixail Saakaşvili müqavilənin müddətinin uzadılmaması ilə bağı parlamentə müraciət edib və müvafiq komissiyada bu məsələyə baxılıb: "Növbəti həftə qərar layihəsi parlamentin plenar iclasına çıxarılacaq. Gürcüstan parlamentinin müdafiə məsələləri və təhlükəsizlik komissiyasında məsələ müzakirə olunarkən qeyd edilib ki, Rusiya-Gürcüstan münasibətlərinin indiki durumunda müqavilənin müddətinin uzadılması mümkün olan hal deyil. Çünki Rusiya seperatçı rejimləri tanıyır və faktiki olaraq Gürcüstanın bir hissəsini işğal edib. Bu baxımdan müqavilənin müddətinin uzadılması perspektivi yoxdur".
Belə bir vəziyyətdə Rusiyanın hərbi qüvvəsini Gürcüstan ərazisindən daşımaqla Ermənistan ərazisindəki Gümrü hərbi bazasına aparmaq imkanının olmayacağını deyən E.Mirzəbəyli bildirib ki, Rusiyanın ekspertləri və hərbçiləri çıxış yolu olaraq müxtəlif versiyalar irəli sürürlər: "Rusiyanın xarici ölkələrdəki hərbi qüvvəsi çağırışçıların hesabına formalaşır. Gümrüdəki hərbi bazanın şəxsi heyətinin mütəmadi olaraq dəyişdirilməməsi ciddi problemlər yarada bilər. Çıxış yolu olaraq irəli sürülən versiyalardan biri Gümrüdəki hərbi bazanın şəxsi heyətinin müqavilə əsaslı heyətə keçirilməsidir. Lakin bu zaman hərbi texnikanın daşınması ilə bağlı problemlər ortaya çıxacaq. Digər bir versiya isə başqa dövlətlərin hava məkanından istifadə etməklə Ermənistana canlı qüvvə və hərbi texnikanın daşınmasıdır. Burada isə başqa dövlət yalnız İrandır. İrana isə Mərkəzi Asiya dövlətlərini keçməklə daşımaq olar. İranın Rusiya ilə birbaşa dəmir yolu əlaqəsi yoxdur, hərbi qüvvə və silah-sursatın yük avtomobillərlə daşınması həm baha başa gəlir, həm də ciddi problemlər yaradır. Digər bir məsələ isə İranın öz ərazisindən hərbi texnikanın daşınmasına imkan verib-verməyəcəyi məsələsidir. İndiki beynəlxalq vəziyyət baxımından bu inandırıcı görünmür. Nəticədə isə Rusiya üçün ciddi problemlər yaranacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB