Ölkəmizin nümunəsi əksər dünya ölkələrində tətbiq olunur
Bu gün bəşəri bəlaya çevrilən koronavirus epidemiyasına qarşı mübarizə dünyanın bir nömrəli probleminə çevrilib. Ölkələr bütün qüvvələrini, əlaqələrini bu bəlanın birlikdə aradan qaldırılmasına yönəldib. Ancaq görünən odur ki, hələ ki, bu bəlanın minimuma endirilməsi istiqamətində göstərilən səylər nəticəsiz qalmaqdadır. Hər gün koronavirusa yoluxanların və ölənlərin sayı artmaqdadır. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 milyonu keçib, qurbanların sayı isə, 220 mindən çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını “COVID-19” qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Dünyanı bürüyən koronavirus infeksiyasının zərərlərini minimuma endirmək üçün Azərbaycan dövləti məqsədyönlü tədbirlər həyata keçirdi və bu gün də, bu tədbirlər sistemli şəkildə davam etdirilməkdədir. Düzgün şəkildə aparılan mübarizənin nəticəsidir ki, ölkəmiz yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. May ayının 4-ə qədər ölkəmizdə xüsusi karantin rejimi elan edilib ki, məqsəd sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da virusun yayılmasının qarşısını almaqdır. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirib və ölkə Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda buna görə, Ona öz təşəkkürünü bildirb. Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb. Baş direktor bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən video konfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. Tedros Adhanom Qebreyesus bu kimi addımları vacib hesab etdiyini vurğulayıb. ÜST-nin baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb. “Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”, – deyə Tedros Adhanom Qebreyesus bildirib.
“Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir”
Azərbaycanda tətbiq olunan izolyasiya dövründə əhalinin sosial təminatı da nəzərə alınıb. 65 yaşdan yuxarı tənha şəxslərə yardımlar edilib, aztəminatlı ailələrə, muzdlu işçilərə, kiçik və orta sahibkarlara dövlət tərəfindən maddi dəstək göstərilib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışı ölkə vətəndaşlarının yenidən bir bayraq altında birləşməsinə təkan oldu. “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib.Dövlət başçısı bildirib: "Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik. Biz əlavə laboratoriyalar yaratmışıq və hazırda onların sayı 18-dir. Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər. Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, bizdə müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır. Dünəndən biz məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlamışıq. İqtisadiyyatımıza təsirə gəldikdə, əlbəttə, təsir mənfi olacaqdır. Bizim ilin əvvəlində müsbət perspektivlərimiz var idi. Hələ də ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir. Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib". Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə də əsas müzakirə mövzusu pandemiya ilə mübarizdə dövlətlərin birlik nümayiş etdirəsi oldu. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev çıxışında bildirdi ki, koronavirus pandemiyası ən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”.
“Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır”
“Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmışdır”, deyən Cənab Prezident onu da bildirmişdir ki, məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılmışdır: “Mənim Sərəncamımla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılmışdır. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmışdır. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında onu da bildirmişdir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır: “Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalamışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk”.
Söz yox ki, pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurların başlıca səbəbi milli birliyin daha geniş və əhəmiyyətli dərəcədə möhkəm olmasıdır. Səmimi və mehriban əsaslar üzərində qurulan dövlət-vətəndaş birliyi onu deməyə əminlik yaradır ki, Azərbaycan bu sınaqdan da uğurla və şərəflə çıxacaq.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB