"İttihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdilər" ÖZƏL-AÇIQLAMA

"İttihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdilər" ÖZƏL-AÇIQLAMA

"Sovet Rusiyasına münasibət məsələsində də Azərbaycan hökumətində birlik yox idi: xarici işlər naziri Fətəli xan Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili işlər naziri Məmməd Həsən Hacınski isə Azərbaycan bolşevikləri ilə danışığa girib onlara güzəştə getməyin tərəfdarı idi. M.Hacınskiyə görə Sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, 1920-ci ilin martında hökumətin keçirdiyi konfransda M.Hacınskinin tərəfdarları qalib gəldilər, N.Yusifbəyli baş nazir vəzifəsindən istefa verdi. Yeni hökumətin təşkili M.Hacınskiyə tapşırıldı: "Lakin M.Hacınski bu hökumətin təşkilinə tələsmirdi, az sonra M.Hacınskinin özü bolşeviklər partiyasına daxil oldu. Yeni hökumətin təşkilinin yubadılması onsuz da gərgin olan vəziyyəti bir qədər də çətinləşdirdi. Parlamentdə müxtəlif partiyalar arasında gedən mübarizə son həddə çatdı. Mövcud hakimiyyətə qarşı daim müxalifətdə olan və hökuməti devirməyə çalışan ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdilər, Azərbaycan bolşevikləri isə guya ölkədə qayda-qanun yaratmaq naminə hərbi yardım üçün Rusiyaya müraciət edir və XI rus ordusunu Azərbaycana çağırırdılar.

1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də F.Xoyski G.Çiçerinə göndərdiyi notada rus ordusunun Azərbaycanla sərhəddə toplanmasının səbəbləri və məqsədi barədə məlumat verilməsini tələb etdi.

Lakin G.Çiçerin bu notaya heç bir əhəmiyyət vermədi. Həmin günlərdə A.Mikoyan başda olmaqla, Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Bakıya dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış – aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Sərhəd qüvvələrindən ibarət az sayda Azərbaycan ordu hissələri düşmənə müqavimət göstərə bilmədi. Hərbi gəmilərin topları dənizdən parlament binasına tuşlandı".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə