"Tibb işçilərinin fəaliyyəti ən böyük hörmətə təqdirəlayiqdir" ÖZƏL-MÜNASİBƏT

"Tibb işçilərinin fəaliyyəti ən böyük hörmətə təqdirəlayiqdir" ÖZƏL-MÜNASİBƏT

"Koronavirus pandemiyası ilə mübarizədə ön sırada yer alan, insanların həyat və sağlamlığının qorunması, onları ölümün pəncəsindən xilas etmək üçün öz həyatlarını belə riskə atan tibb işçilərinin fəaliyyəti ən böyük hörmətə təqdirəlayiqdir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, dövlətimiz həmişə olduğu kimi, belə çətin günlərdə də şərəfli peşə sahibləri olan həkimlərimizə diqqət yetirir, onların fədakarlığını yüksək qiymətləndirir: "Bildiyiniz kimi, hələ mart ayında Prezident İlham Əliyev koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən təbiblərimizin sosial müdafiəsinin gücləndirilməsi barədə sərəncam vermişdir. Bu qərara uyğun olaraq, COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə nəzərdə tutulur. Yeri gəlmişkən, koronavirusla mübarizə kontekstində, bu sərəncam dünyada bir ilk idi.

Lakin, bu günlərdə mətbuatda oxuyanda ki, koronavirusla ölüm-dirim savaşının əsgərləri olan tibb işçilərimiz sözü gedən əlavələri ala bilməyiblər, bu, məni çox təəccübləndirdi. Nədir bu ləngliyin, astagəlliyin səbəbi? Əgər vəsait ayrılırsa, onu alacaq insanlar bəllidirsə, niyə bu ödənişlər aparılmayır? Niyə sosial şəbəkələrdə oturub ölkəmizdə görülən bütün müsbət işlərə kölgə salmağa çalışan Əli Kərimlilərə, Cəmil Həsənlilərə danışmağa mövzu verməliyik? Onsuz da bu qaragüruhçular cəmiyyətdə dedi-qodu yaratmaq, adamları radikallaşdırmaq üçün hər şeydən istifadə etməyə çalışırlar.

COVİD-19 ilə mübarizənin ilk günlərindən ortaya çevik, operativ, prinsipial, ardıcıl və sistemli fəaliyyət nümayiş etdirən Azərbaycan hakimiyyəti Prezidentimizin liderliyi ilə müsbət nəticələr əldə etmişdir. Bu nailiyyətlərin qorunub saxlanılması və daha da artırılması üçün bütün dövlət orqanlarının intensiv işləməsinə ehtiyac var. Hər bir məmur Prezidentimizlə ayaqlaşmağa, onun yüksək iş tempinə uyğunlaşmağa borcludur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə