ABŞ prezidenti Barak Obama 24 apreldəki çıxışında 1915-ci il hadisələri ilə bağlı "soyqırımı" ifadəsini işlətməyəcək. Ancaq eyni davranışı 2012-ci ildə də sərgiləməsi çətin görünür. Türkiyə ABŞ-da keçiriləcək prezident seçkisindən əvvəl ciddi iş aparmalıdır. Əks halda böyük problemlərlə qarşılaşa bilər. SİA-nın məlumatına görə, bu sözlər "Aksiyon" jurnalının Barak Obamanın 24 apreldə edəcəyi çıxışla bağlı şərhində yer alıb.
Şərhdə bildirilir ki, ermənilər tərəfindən "soyqırımı"nın ildönümü olaraq qeyd etdiyi 24 aprel öncəsi ənənəvi səhnələr yaşanır. Erməni lobbisi işi bacardığı qədər böyüdür, İrəvan Ağ Evə mesajlar göndərir, ABŞ və Avropadakı türklərə təxribat xarakterli hücumlar təşkil edilir. Bu il keçən illərdən fərqli olaraq ABŞ Konqresində təxminən 20 üzvün iştirakı ilə "soyqırımı"nı anma mərasimi təşkil edildi. Əsas məqsəd Barak Obamanın 24 apreldə edəcəyi çıxışında 1915-ci ildə baş verənləri "soyqırımı" olaraq qiymətləndirməsini təmin etmək idi.
B.Obama 2008-ci ildəki seçki kampaniyası zamanı erməniləri "soyqırımı" iddialarını açıq şəkildə dəstəkləyib. O, seçki kampaniyası zamanı ABŞ-ın 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını rəsmi olaraq tanıması çağırışı etsə də 2009 və 2010-cu il 24 aprel çıxışlarında "soyqırımı" ifadəsini işlətməyib. Əvəzində "Meds Yeghern" (böyük fəlakət) ifadəsindən istifadə etmişdi. Hətta 2010-cu ildəki çıxışında "1915-ci il hadisələrində erməniləri xilas edən türklərdən" danışaraq bir ilkə imza atmışdı. Ermənilərin dəstəyini alan əvvəlki demokrat prezident Bill Klinton da 1915-ci ildə yaşananları "20-ci əsrin ən böyük faciəsi" olaraq şərh etmişdi. Obamanın sələfi Corc Buş isə həmin ildə baş verənləri "humanitar faciə" olaraq dəyərləndirmişdi. ABŞ prezidentləri keçmişdən bu günə kimi 24 apreldə ağızdan çıxacaq bir sözün Ankara-Vaşinqton əlaqələrində açacağı yaranın fərqindədir. Digər tərəfdən buraxılacaq bir səhvin normallaşma mərhələsinə daxil olan Türkiyə-Ermənistan əlaqələrini mənfi təsir edəcəyi də ortadadır.
Obama bu 24 apreldə necə bir çıxış edəcək? Gözləntilər keçən ilki davranışın saxlanılacağı istiqamətindədir. Çünki Konqresin aşağı palatası olan Nümayəndələr Palatasında üstünlük erməni iddialarından uzaq durmağa çalışan Respublikaçı Partiyasının əlindədir. Keçən illərə nisbətən bu il erməni iddialarına "bəli" səsi verənlərin sayında eniş var. Bununla yanaşı 2011-ci ildə Obamanı "soyqırımı" ifadəsini işlətməyə məcbur edəcək bir seçki atmosferi də yoxdur. Şimali Afrika və Orta Şərq coğrafiyasında baş verənləri nəzərə alsaq, Vaşinqtonun bölgədəki ən yaxşı müttəfiqini qəzəbləndirəcək bir hücum etməsi də o qədər real görünmür.
ABŞ-dakı 24 aprel atmosferi ilə bağlı Vaşinqtondakı Türk-Erməni İş Şurasının rəhbəri Kaan Soyak da münasibətini açıqlayıb. Soyak keçən illərlə müqayisədə daha az gərginliyin müşahidə ediləcəyi bir 24 aprelin olacağını düşünür. O, bunu diasporda türk-erməni probleminin həll edilməsini istəyən qanadın güclənməsi ilə izah edir: "Ankaranın qonşularla "sıfır problem" siyasəti və ölkə xaricindəki ermənilərlə birbaşa əlaqə yaratmaq yolunda atdığı aktiv addımlar diaspor üzərində çox müsbət təsir yaradıb. Erməni diasporun 70-80 faizini təşkil edən bu təbəqə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin tezliklə qurulmasını, problemlərin iki ölkə arasında müzakirə edilməsini istəyir. Rusiyanın Qafqaz və Ermənistan üzərində nüfuzunu artırması diasporu Türkiyəyə istiqamətləndirir. Yalnız türklər deyil, erməni diasporu da problemin uzanmasından sıxılıb".
Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfinin Vaşinqton ofisinin direktoru Nuh Yılmaz Konqresdəki erməni iddialarını müdafiə edən qanadın zəiflədiyini diqqətə çatdıraraq əsl problemin 2012-ci ildəki prezident seçkisində yaşanacağını söyləyir: "Keçən illə müqayisədə Türkiyə daha aktiv bir lobbiçilik fəaliyyəti aparır. Ermənilər ilə birbaşa danışıqlar aparılır, bu isə mühiti yumşaldır. Ancaq 2012-ci ilin prezident seçkisindən əvvəl mühit sərtləşəcək. Obama "soyqırımı" kartından o zaman istifadə etmək istəyə bilər".
Yılmaz diasporun dondurulan protokollara görə vəziyyət aldığını, prosesin irəliləyib-irəliləməməsi ilə əlaqədar növbəti addımların atılacağını bildirib. ABŞ-ın Klark Universitetində Antep erməniləri ilə bağlı doktorluq işini müdafiə edən Ümid Qurd Türkiyənin hər il qarşılaşdığı 24 aprel sindromundan öz gücü ilə xilas olmasının lazım olduğunu söyləyir: "Ankara dialoq və sülh istiqamətində fəaliyyətini artırmalıdır. İyun seçkilərindən sonra Türkiyə ABŞ-ın dəstəyilə Azərbaycanı da prosesə daxil edərək yeni müzakirələr üçün zəmin hazırlaya bilər. Bu Avropa Birliyi, Qafqaz və ABŞ ilə əlaqələrində Türkiyənin əlini gücləndirəcək. Türkiyə bu il olmasa da növbəti 24 apreldə bir şok yaşaya bilər. Bunun qarşısını almaq üçün seçkilərdən sonra dondurulan sülh danışıqları yenidən başlanmalı, Ermənistan və ABŞ-dakı 2012-ci il seçkilərindən əvvəl problemin həllində lazımı məsafə qət edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB