Əli Kərimlinin REAL-a hücumu ANALİTİK

Əli Kərimlinin REAL-a hücumu ANALİTİK

AXCP sədrinin siyasi oyunbazlıqları istədiyi nəticəni vermir

AXCP-nin sədri Əli Kərimlinin trollarına REAL partiyasına qarşı "fas" (hücum) əmrinin ardınca düşərgə daxilində müəyyən çaxnaşmalara start verilib. Artıq müəyyən cinah dəyişmələri, əsasən də kimlərin hansı tərəfi tutacaqları, kimlərə dəstək verəcəkləri ilə bağlı mülahizələr də irəli sürülməkdədir. Daha dəqiq desək, hətta ənənəvi müxalifət partiyaları arasında belə bir fikirlər formalaşmağa başlayıb ki, bu gün müxalifəti parçalayan əsas tərəf AXCP sədri Ə.Kərimli göstərildiyinə görə, bir sıra siyasi təşkilatlar daha çox REAL partiyasına qahmar çıxırlar. Bu minvalla isə Ə.Kərimliyə və ətrafına çatdırılır ki, onun trollarını İlqar Məmmədovun üzərinə qısqırtması nəticəsiz qalacaq, hətta AXCP sədrinin sosial şəbəkələrdəki media dəstəkçiləri də onun yardımına çata bilməyəcəklər. Bütün bunlar öz yerində.

REAL-ın AXCP-nin "ana müxalifətçilik" iddiasının üzərindən çarpaz xətlər çəkə biləcəyi ehtimalları, qorxusu Əli Kərimliyə dinclik vermir

Ancaq fakt öz faktlığında qalır ki, istər İ.Məmmədov həbsdə olanda, istərsə də həbsdən azalığa çıxandan sonra Ə.Kərimlinin ona qarşı mövcud olan antipatik hissləri get-gedə daha da artmağa başlayır. Yəni onun tərəfindən siyasi konkurentlik, aşkar rəqiblik amili kimi görünən REAL partiyasının bir gün AXCP-nin "ana müxalifətçilik" iddiasının üzərindən çarpaz xətlər çəkə biləcəyi ehtimalları, qorxusu Ə.Kərimliyə dinclik vermir. Ona görə də, nəinki indi, elə bir neçə müddətdir ki, İ.Məmmədova və ətrafına qarşı "hücum taktikasını" həyata keçirir. Beləliklə, AXCP sədri Ə.Kərimlinin xeyir-duası ilə REAL-a qarşı başlanan hücum kampaniyası davam edir...

Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, məhz REAL və digər bir neçə müxalifət partiyaları ölkədə keçirilən son parlament seçkiləri ilə bağlı normal münasibət göstərdilər. Bu reallıq isə, radikalçılıq baxışından çıxış edən AXCP-"Milli Şura" cütlüyünü qıcıqlandırırdı. Biz elə də uzağa getməyərək, hələ ötən ilin sentyabrında, yəni seçkilərdən əvvəl REAL-ın loyal münasibəti qaragüruhçu qrupları narahat etməyə başlamışdı. Nəinki İ.Məmmədov, o cümlədən partiyanın digər rəsmiləri hücumlara məruz qaldılar.

Zaman və müddət heç nəyi dəyişməyib

Cəbhəçi trollar tərəfindən hücuma məruz qalanlardan biri də REAL-ın icraçı katibi Natiq Cəfərli, hazırda deputatlıq mandatını qazanımş Erkin Qədirli, Rəsul Cəfərov və sairləri olub. Bunu isə ona görə xatırladırıq ki, zaman və müddət heç nəyi dəyişməyib, hətta illər keçərsə belə, Ə.Kərimlinin kini İ.Məmmədovun və partiyadaşlarının üzərində qalmağa davam edəcək. Daha doğrusu, əgər bu gün AXCP trolları necə davranırlarsa, dünən də elə olub, sabah da bu cür davam edəcək, əlbəttə ki, AXCP düşdüyü iflas burulğanından xilas olmağa macal taparsa...

Natiq Cəfərli Gültəkin Hacıbəylini "faşist təfəkkürlü birisi" adlandırmışdı və yanılmamışdı...

Xatırladaq ki, məhz N.Cəfərli "facebook" səhifəsində "Azad söz" kanalına verdiyi müsahibə zamanı cəbhəçi trolların onu təhqir etməsindən yazmışdı və bu işlərdə başqaları ilə yanaşı, nəinki trolları, həm də "Milli Şura"da Ə.Kərimlinin söz aparıb-gətirəni kimi tanınan Gültəkin Hacıbəylini də ititham hədəfinə almışdı. Misal üçün, qeyd edə bilərik ki, N.Cəfərli G.Hacıbəylinin müxalifətçi olub-olmadığına dair şübhələrini ortaya qoymaqla yanaşı, onu "faşist təfəkkürlü birisi" adlandırmışdı. Görünür, REAL rəsmisi bu ittihamında, ya da bənzətməsində heç də yanılmayıb.

Daha bir fakt budur ki, REAL partiyasına dəstək göstərənlərdən xarici ölkələrdə yaşayan müxalif düşüncəli şəxslər də var. Məsələn, onlardan biri kimi ABŞ-da yaşayan İsmayıl Cəlilovu göstərə bilərik. Onun sözlərinə görə, hücumların arxasında da məhz AXCP və "Milli Şura" rəhbərliyi dayanır. Həmin vaxt İ.Cəlilov bunu faktlarla sübut etsə də, ona inanmamışdılar. Bu baxımdan, REAL təmsilçisi N.Cəfərli də troll hücumlarının Ə.Kərimlidən qaynaqlandığını deyir, bu məsələdə G.Hacıbəyli və S.Osmanqızının daha çox canfəşanlıq etdiklərini iddia edir.

İlqar Məmmədov isə, Sevinc Osmanqızını Əli Kərimlinin "mətbuat katibi" adlandırmaqla, onun "ranqını" aşağılamışdı

REAL sədri İ.Məmmədov da status paylaşaraq yazıb ki, S.Osmanqızı faktiki olaraq AXCP-nin mətbuat katibi funksiyasını yerinə yetirir. Bunu biləndən sonra o, S.Osmanqızı ilə əlaqələrini kəsib: "Əməkdaşlığı kəsdim, çünki mənim bir partiya sədrinə deməyə sözüm varsa, birbaşa özünə deyərəm, mətbuat xidmətinə yox".

Göründüyü kimi, AXCP-REAL qarşıdurması yenidən alovlanmaqdadır. Bu kampaniyada Ə.Kərimli bütün kartlarını oynasa da, meydanda Osmanqızı və Hacıbəyli kimi siyasi rəqqasələr də necə deyərlər, göbək atmaqda davam edirlər. Amma bu kimi cəhdlər hələ ki, nəticəsiz qalır. Daha dəqiq desək, Ə.Kərimlinin siyasi oyunbazlıqları onun istədiyi nəticələri vermir və belə davam edərsə, heç verməyəcək də…

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə