"Ermənistan müharibə təhlükəsinin yaranması üçün əlindən gələni edir" AÇIQLAMA-ÖZƏL
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın təşəbbüsü öz üzərinə götürdüyü hiss olunur. Lakin onun Ermənistana ciddi basqısı görünmür. Ermənistan tərəfi isə danışıqlar xətrinə danışıqlara qoşularaq vaxt udmağa, ictimai rəydə isə guya danışıqların tərəfdarı olduğunu göstərməyə çalışır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarla danışıqların baş tutmasına imkan vermədiyini deyən politoloq söyləyib ki, xüsusilə də işğalçı ölkənin baş naziri Nikol Paşinyan, eləcə XİN başçısı Zöhrab Mnatsakanyan ciddi pozuculuq işləri ilə məşğuldurlar: "Onların həyasızcasına "bir qarış belə torpaqlar geri qaytarılmacaq" iddiaları bölgədə müharibə təhlükəsinin yaranmasına açıq şəkildə çağırış olmaqla yanaşı, işğalçının hərbi əhval-ruhiyyədə olduğunu göstərir".
Q. Hüseynli deyib ki, Ermənistan öz addımları ilə Azərbaycanı təxribata çəkməyə çalışır: " Danışıqlardan imtina edən Ermənistan ölkəmizi təxribata çəkməklə özlərinə aid fikri Azərbaycanın ayağlna yazmaq istəyir. Zənnimcə Rusiya, eləcə də digər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana təzyiq etməli, onların sülh danışıqları prosesinə ciddi şəkildə qoşulmasını tələb etməli, əks halda işğalçıya qarşı sanksiyalar tətbiq olunmalıdır. İşğala, təcavüzə məruz qalan tərəf Azərbaycan olsa da, nədənsə dünya bu faciələri törədənlərə qarşı həlim davranmaqda davam edir. Bu baxımdan fikrimcə, Ermənistan təkcə qınanmamalı, sülhə dəvət edilməməli, onlara qarşı ciddi basqı rejiminin formalaşdırılmasına nail olunmalıdır".
Son dövrlər cəbhə xəttində vəziyyətin kifayət qədər gərgin olduğunu deyən politoloq qeyd edib ki, gərginliyi yaradan tərəf ermənilərdir: "Hesab edirəm ki, Azərbaycan gərginliklə bağlı bəyanatla çıxış etməlidir. Bəyanatda açıq şəkildə Ermənistanın sülh danışıqlar təcrübəsindən imtina etmək istəyi bildirilməlidir. Çünki Paşinyan özü də etiraf edib ki, biz təzədən başlamaq istəyirik və separatçı qurum danışıqlar prosesində iştirak etməlidir. Bu baxımdan Azərbaycan təkidlə BMT, eləcə ATƏT-in özünə müraciət edərək, Ermənistanın işğalçı tərəf olduğunu bir daha bəyan etməlidir. Azərbaycan Ermənistanın əvvəlki rəhbərləri dövründə danışıqlarla bağlı razılığa gəlsə də, yeni hakimiyyət prosesin gərginləşməsinə dair addımlar atır, bölgədə sülhün pozulması və müharibə təhlükəsinin yaranması üçün əlindən gələni edir. Dünya xalqları, beynəlxalq təşkilatları bu prosesə daha fəal müdaxilə etməli, münaqişədə kimin günahkar və ya günahsız olduğunu müəyyənləşdirməlidir. Əks halda, bölgə yenidən qana bulaşa bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB