Azərbaycanın Polşadakı səfiri: “Aİ rəsmiləri tərəfindən ölkəmizin ərazi bütövlüyünə birmənalı və açıq dəstək verilmir”
Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov Polşa Seymində çıxış edib. Səfirlikdən SİA-ya verilən məlumata əsasən, 2011-ci ilin 14 aprel tarixində Polşa Respublikası Seyminin Şərq Tərəfdaşlığı məsələləri üzrə daimi komissiyasında Şərq Tərəfdaşlığı proqramı ilə bağlı dinləmələr keçirilib. Komissiyaya daxil olan deputatlarla yanaşı, "twinning" layihəsi çərçivəsində Polşada səfərdə olan AR Milli Məclisindən nümayəndə heyətinin də qatıldığı görüşdə Səfir Həsən Həsənov çıxış edib. Səfir Həsən Həsənov çıxışı zamanı Azərbaycanın Avropaya inteqrasiyada maraqlı olmasından və bu baxımdan ŞT-yə böyük önəm verməsindən danışıb, Azərbaycanda ŞT proqramı çərçivəsində Assosiasiya sazişi, Hərtərəfli İnstitusional Quruculuq proqramı, Euronest layihəsi və s. istiqamətində görülmüş işlər və hazırkı vəziyyət barədə məlumat verib. Çıxış zamanı enerji sahəsində əməkdaşlıq məsələləri barədə də məlumat verilib.
Səfir Həsən Həsənov Azərbaycanın etibarlı tərəfdaş olmasına, Aİ Azərbaycan əməkdaşlığının strateji xarakter daşımasına baxmayaraq, Aİ rəsmiləri tərəfindən ölkəmizin ərazi bütövlüyünə birmənalı və açıq dəstək verilməməsi, Avropa Parlamenti deputatları tərəfindən işğal edilmiş Dağlıq Qarabağa qanunsuz səfərlər edilməsi və bu səfərlərə Aİ tərəfindən rəsmi reaksiya verilməməsinin təəssüf doğurduğunu diqqətə çatdırıb.
Səfir Həsən Həsənov Ermənistanın təcavüzkar siyasəti nəticəsində hazırda ölkəmizdə bir milyonadək qaçqın və məcburi köçkün olduğunu, onların ağır vəziyyətdə yaşamalarına görə Ermənistanın məsuliyyət daşıdığını bildirib. Hazırda ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, qonşu ölkələrlə iqtisadi əlaqələrinin gücləndiyini bildirərək, Azərbaycanla əməkdaşlıqdan Ermənistanın da faydalana bilməsi üçün işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinin yeganə yol olduğunu xüsusi vurğulayıb.
Sonda Azərbaycan Polşa münasibətlərindən danışan Səfir Həsən Həsənov, iki ölkə başçılarının Davos Forumu çərçivəsində görüşdüklərini bildirib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ŞT-nin 2011-ci ilin sentyabr ayında Varşava şəhərində keçiriləcək növbəti zirvə görüşündə iştirak etmək üçün Polşaya səfər edəcəyi barədə məlumat verən Səfir Həsən Həsənov, bu səfərin Azərbaycanın Aİ-yə inteqrasiyasına təkan verəcəyini və Azərbaycan Polşa münasibətlərini daha yüksək səviyyəyə qaldıracağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB