“İrates”: “Paşinyanın yersiz layvlarından sonra “Mənim addımım” blokunda anlamağa başlayıblar ki, onları pis günlər gözləyir”
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həll olunması ilə bağlı verdiyi məlum bəyanatı nəinki Ermənistanın ictimai-siyasi və müxalif dairələrində, eləcə də Nikol Paşinyan hökuməti daxilində ziddiyyətlər, təlaşlar yaradıb. Xüsusilə, parlamentin hakim “Mənim addımım” blokunda narazılıqlar özünü biruzə verməyə başlayıb.
Hətta hökumət daxilində kəskin qarşıdurmalara start verilib
SİA-nın məlumatına görə, erməni KİV-ləri də bu məsələni artıq günlərdir ki, müzakirə edir, hakim dairələrin, əsasən Paşinyan hökumətinin daxilində cərəyan edən olayları araşdırıb-üzə çıxaran “İrates” qəzeti yazır ki, “Mənim addımım” blokunda təmsil olunanlar onları qarşıda pis günlər gözlədiyinin fərqinə varmağa başlayıblar. Elə məqalənin başlığı da bu cür qoyulub: “Paşinyanın yersiz layvlarından (canlı yayımlarından-R.R.) sonra “Mənim addımım” blokunda anlamağa başlayıblar ki, onları pis günlər gözləyir.
Məsələ həm də ondadır ki, Nikol Paşinyanın birinci müavini Tiqran Avinyan baş naziri sərt şəkildə tənqid edib və artıq onun taleyi barədə müəyyən fikirlər dolaşmaqdadır. “Nikol Paşinyan özünü suda üzən balıq hiss edən Avinyanı quruya çıxarıb, onu boğmağa cəhd edir”, deyə yazan erməni nəşri həmçinin qeyd edir ki, bu məsələdə baş nazirə dəstək göstərənlərdən biri də parlamentin spikeri, “boz kardinal” Ararat Mirzoyandır. Belə ki, o Avinyanı baş nazirin birinci müavini postundan uzaqlaşdırmaqla parlamentə “dincəlməyə” göndərir. Beləliklə o, hökumətin bütün rıçaqlarını həmin vasitə ilə ələ almağa çalışır.
Baş nazirin birinci müavininə qarşı hücumlar və sorosçu qanadın dəstəyi
Artıq baş verənlərdən həm də belə nəticəyə gəlmək olar ki, hökumətdə təmsil olunan kimsə Nikol Paşinyana qarşı çıxacaqsa, onlara qarşı kəskin addımlar atılacaq.
Ancaq bu da son deyil. Məsələ həm də ondadır ki, artıq Paşinyan rejiminin uzun müddətdir ki, davam edən parçalanması nəticəsində yaranmış sorosçular qanadı Avinyanın tənqidlərinə dəstək göstərməyə başlayıblar. Habelə onun çıxışlarına dəstək də göstərilir.
“İrates” daha sonra yazır: “Məsələ bununla da bitmir. “Mənim addımım” blokunun sorosçu qanadı Avinyana simpatiya ilə yanaşırlar ki, bu da açıq şəkildə Nikol Paşinyanın xoşuna gəlməməsi ilə yanaşı, həm də onu təlaşlandırır. Onun sonuncu layvlarının birində də məhz buna eyham vurulub”.
Müxalifət də fürsəti fövtə vermir
Baş verənlərdən həm də bu cür nəticə çıxarmaq olar ki, əgər Ermənistan hakimiyyəti daxilində kəskin qarşıdurmalar, hökumət dəhlizlərində ziddiyyətlər yaşanırsa, bu zaman müxalifət də fürsəti necə deyərlər fövtə vermir. Hətta müxalifətin müxtəlif qanadları ilə hökumətin sorosçu qanadı arasında anlaşmaların da mövcudluğu barədə ehtimallar irəli sürülür. Ümumiyyətlə, fakt budur ki, Sergey Lavrovun bir bəyanatıı bütün Ermənistanı kökündən çalxalamağa başlayıb. Bunu eyni zamanda, Nikol Paşinyan rejiminin anti-Rusiya xarakterli siyasət yürütməsinin də acı nəticəsi kimi qiymətləndirmək olar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB