Birlik nümayiş etdirməklə bütün çətinliklərin öhdəsindən gəlirik! ANALİTİK
Pandemiya ilə bağlı vəziyyət idarəolunan səviyyəyə düşüb və görülən davamlı tədbirlər nəticəsində ölkə əhalisinin sağlamlığı təmin edilir
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü ardıcıl işlər söz yox ki, xalqımız, vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, bu dövrdə verilən hər bir qərarın arxasında əhalinin sağlamlığının mühafizəsi, sosial təminatının qorunub-saxlanılması, xüsusilə də, sosial layihələrin davamlı şəkildə icra edilməsidir. Belə ki, ölkə rəhbərimizin hökumətin müvafiq struktur rəhbərlikləri ilə, nazirlərlə keçirdiyi onlayn müşavirələrdə irəli sürdüyü hər bir fikrin, vurğulanan tezisin təməlində bir faktor dayanır – dövlət və vətəndaş birliyinin möhkəmləndirilməsi, insanların sosial-rifah hallarının qorunması, inkişafı və mövcud vəziyyətdən az itki ilə çıxılması reallığı.
Xalqın minnətdarlıq məktubları: Prezident İlham Əliyevin siyasətinə göstərilən birmənalı dəstək!
Lakin o da əbəs deyil ki, artıq ölkəmizin müxtəlif bölgələrində yaşayan insanlarımız Prezident İlham Əliyev cənablarının apardığı siyasətə dəstək verdiklərini, Onun xalq üçün qətiyyətli addımlar atdığını qeyd edirlər. Bunu vətəndaşların dövlətimizin başçısına ünvanlandığı minnətdarlıq məktubları da təsdiq edir.
Lakin bizlər - dövlətimizə dəstək göstərən hər bir vətəndaş əldə edilən uğurlardan rahatlanmamalıdır. Çünki koronavirus pandemiyası dünyanı sarsıtmaqda davam edir və Azərbaycanın COVID-19-la mübarizədə örnək göstərilməsi məhz məsuliyyət hissi ilə qorunub-saxlanılmalıdır. Yəni dövlətin vətəndaşa qayğısına həmrəy şəkildə dəstək göstərilməlidir. Sirr deyil ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı artıq 2 milyon yarımı keçib. Bu baxımdan da qeyd etmək vacibdir ki, cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə koronavirus pandemiyasının ölkəmizin ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər görülməkdə davam edir.
Ardıcıl islahatlar olmasa idi, ölkəmiz də digər ölkələr kimi pandemiya dövründən ağır nəticələrlə çıxa bilərdi
Artıq yuxarıda qeyd edilənlərlə yanaşı, dövlətin məlum təhlükə ilə bağlı qəbul etdiyi ciddi və təxirəsalınmaz qərarlar öz bəhrəsini verir, hər birimiz bunun şahidiyik. Pandemiya ilə bağlı vəziyyət idarəolunan səviyyəyə düşüb və görülən davamlı tədbirlər nəticəsində ölkə əhalisinin sağlamlığı təmin edilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, artıq bir neçə ildir aparılan ardıcıl islahatlar olmasa idi, ölkəmiz də digər ölkələr kimi pandemiya dövründən ağır nəticələrlə çıxa bilərdi. Belə ki, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra reallaşdırılan islahatlar kursu da məhz pandemiya dövründə hökumətin mobil və uğurlu fəaliyyətini bir daha göstərdi.
Nəticədə ölkəmiz üçün çətin dövrdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətəni və vətəndaşını sevən qayğıkeş insan olduqlarını nümayiş etdirdilər. Onların bu çətin günlərdə xalqa müraciəti əhali tərəfindən yüksək qiymətləndirilir. Bu müraciətlər ölkə vətəndaşlarının dövlətə və ölkə başçısına inanmaqda haqlı olduqlarını təsdiqləməklə yanaşı, onları məsuliyyətli davranmağa səslədi, pandemiya dövründə ölkə əhalisini daha da sıx birləşdirdi.
Sosial addımlar dövlətin vətəndaşına dəstəyini göstəriciləridir
Azərbaycan Prezidenti pandemiya dövründə vətəndaşların sağlamlığının qorunması məsələsinin dövlətimiz üçün xüsusi önəm daşıdığını bir daha nümayiş etdirdi. Dövlət resurslarının, ilk növbədə, məhz vətəndaşların sosial müdafiəsinə yönəldilməsi də ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir. Günəmuzd çalışan şəxslərin pandemiya dövründə işlərini müvəqqəti itirməsi səbəbindən onların işsiz kimi qeydə alınaraq yarımların edilməsi, vaxtı bitmiş ünvanlı sosial yardım alan şəxslər üçün bu yarımın pandemiya dövründə davam etdirilməsi və bu ailələrin sayının artırılması, yaşı 65-dən yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi, ödənişli ictimai işlərə cəlb olunanların sayının dəfələrlə artırılması, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi, 600 mindən çox vətəndaşa birdəfəlik 190 AZN maddi yardımın göstərilməsi barədə verilən qərar və onlarla digər belə sosial addımlar dövlətin vətəndaşına dəstəyini göstəriciləridir. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin pandemiyadan sonrakı iqtisadi inkişafı nəzərə alınaraq sahibkarlıq subyektlərinə də dövlət dəstəyi göstərilir.
O cümlədən, yaşları 65-dən yuxarı olan məhbusların da əfvə salınaraq ailələrinə geri dönmələri insanlıq və humanizm dəyərlərinə göstərilən xüsusi diqqət və qayğıdır. Çünki onların ailələri təlaş və narahatlıq keçirirdilər və Prezident İlham Əliyev cənabları bu narahatlığa da son qoydu, çətin dövrdə ailələrə sevinc bəxş etdi.
Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır!
Beləliklə, həm də belə bir nəticəyə gəlmək mümkündür ki, dünyada cərəyan edən bu ağır günlərdə Azərbaycan dövləti bir daha hansı aliliklərə qadir olduğunu əməli işləri ilə isbatladı. Dünya, beynəlxalq aləm bir daha şahid oldu ki, Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır!
Dövlətimizin başçısının atdığı bütün addımlar, apardığı uğurlu siyasət ölkə vətəndaşları tərəfindən dəstəklənir və alqışlanır.
Mən də bir millət vəkili olaraq fəxr edirəm ki, bu siyasətin aparıldığı ölkənin parlamentində tövsiyə edilən proqram və layihələrin həyata keçirilməsində, qanunverici orqanın işində iştirak edirəm. Bu baxımdan, əminliklə deyə bilərəm ki, parlamentimiz də dövlətimizin qorunması və inkişafı sahəsində görülən və görüləcək bütün işlərə dəstəyini ifadə edərək, Azərbaycan Prezidentinin qərarlarını dəstəkləyir, tövsiyələrinin həyata keçirilməsi üçün dinamik fəaliyyətini davam etdirir.
Bu uğurların davamlı reallaşdırılması üçün isə, biz birlik, həmrəylik nümayiş etdirməklə bütün çətinliklərin öhdəsindən gələcəyik!
Məşhur MƏMMƏDOV,
Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB