Məhəmmədbağır Bəhrami: “Görüş göstərdi ki, İran, Azərbaycan və Türkiyə regionda mövcud olan problemləri özləri həll edə bilərlər” - AÇIQLAMA

Məhəmmədbağır Bəhrami: “Görüş göstərdi ki, İran, Azərbaycan və Türkiyə regionda mövcud olan problemləri özləri həll edə bilərlər” - AÇIQLAMA
Görüş göstərdi ki, İran, Azərbaycan və Türkiyə regionda mövcud olan problemləri özləri həll edə bilərlər. SİA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami bu gün keçirdiyi mətbuat konfransında deyib.

İranın Urmiya şəhərində Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin ötən həftə keçirilən görüşünə diqqəti çəkən Məhəmmədbağır Bəhrami deyib ki, hər 3 ölkə strateji baxımdan əməkdaşdırlar və gözəl münasibətlərə malikdirlər: "Bu ölkələrin birliyi region və dünya üçün mühüm rol oynaya bilər. Görüşdə qəbul olunan bəyannamə ölkələrin inkişafına təsir etməklə yanaşı, siyasi əhəmiyyətə də malikdir. Görüşün nailiyyətlərindən biri də bəyannamədə əksər sahələrin yer almasıdır".

Səfir həmçinin qeyd edib ki, üçtərəfli görüş səmimi, qardaşlıq və dostluq mühitində keçirilib. İkitərəfli görüşlərə də diqqəti yönəldən səfir Azərbaycanla İranın xarici işlər nazirləri arasında keçirilən görüşü səmərəli adlandırıb: "Sərhəd keçid məntəqələrində müştərək gömrük məntəqələrinin açılması məsələsi ilə bağlı səfirlərə tapşırıqlar verilib. Bu təcrübə artıq İranla Türkiyə arasında da var. İran birtərəfli qaydada viza rejimini ləğv edib. Həm İrandan, həm də Azərbaycandan qarşı tərəfə edilən səfərlər çoxalıb. Buna görə də hesab edirik ki, 24 saat fəaliyyət göstərən sərhəd keçid məntəqəsinin fəaliyyət göstərməsi əhəmiyyətli olardı".

Eyni zamanda səfir bildirib ki, Azərbaycanın İrandakı səfiri bu ölkənin birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Əli Ağa Məhəmmədi ilə görüşəcək. Onun sözlərinə görə, görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlərlə yanaşı, əsasən müştərək sərhəd keçid məntəqələrinin açılması ilə bağlı məqam müzakirə olunacaq. Səfir həmçinin deyib ki, İran vizanı ləğv etdikdən sonra Azərbaycandan İrana səfər edənlərin sayı 4 dəfə artıb. Əgər rəsmi Bakı eyni addımı atarsa, İrandan Azərbaycana səfər edənlərin də sayında bərabərlik yaranar.

M.Bəhrami Xəzərin statusu ilə bağlı aparılan danışıqlara da diqqəti yönəldib. O, bir həftədən sonra Bakıda Xəzəryanı ölkələrin ekspertlərinin görüşü keçiriləcək. Səfir ekspertlərin müzakirə edəcəyi məsələlərin detalları haqda isə danışmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə