"Hər işdə Sizi dəstəklədiyimizi və arxanızda olduğumuzu bildiririk" Prezidentə yazırlar

"Hər işdə Sizi dəstəklədiyimizi və arxanızda olduğumuzu bildiririk" Prezidentə yazırlar

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. SİA Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

Şamaxı şəhər sakini Əqidə Sadıqova cənab Prezidentə minnətdarlıq məktubunda yazır: “Möhtərəm cənab Prezident, Sizin koronavirus pandemiyası ilə əlaqədar atdığınız qabaqlayıcı addımların nəticəsidir ki, ölkəmizdə hazırda insan itkiləri çox azdır. “Evdə qal” kampaniyasına Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şamaxı rayon komitəsi də qoşulub. İşçilərin əməkhaqlarının saxlanılması, aztəminatlı ailələrə müavinətın verilməsi, ianələr üçün fondun yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi təqdirəlayiq işlərdir. “Biz birlikdə güclüyük!” çağırışınız bu gün hər bir Azərbaycan vətəndaşının devizinə çevrilib. Sizin təşəbbüsünüzə biz də qoşularaq yaşlı insanlara, aztəminatlı imkansız ailələrə ərzaq paketi paylamışıq. Etdiyiniz bütün işlərə görə Sizə sonsuz təşəkkürümüzü bildirir və belə bir Prezidentimiz olduğu üçün qürur hissi keçiririk. Hər işdə Sizi dəstəklədiyimizi və arxanızda olduğumuzu bildiririk. Uca Tanrı Sizi və xalqımızı qorusun!”.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan Fərrux Nağızadə: “Çox hörmətli cənab Prezident, Siz 2003-cü ildə əlinizi müqəddəs Qurani-Kərimin üzərinə qoyub hər bir azərbaycanlının Prezidenti olacağınızı bildirdiniz və sözünüzün üstündə durdunuz. 2016-cı ildə Lələtəpə qələbəsindən sonra Naxçıvan Muxtar Respublikasının işğal olunmuş bir sıra ərazilərinin azad edilməsi ilə xalqın inamını daha da möhkəmləndirdiniz. İndi isə dünyanı bürüyən epidemiyadan xalqımızı qorumaqla gecəniz-gündüzünüz yoxdur. Bunu hər kəs anlayır, başa düşür, Sizi bağrına basır. Azərbaycanın hər sahədə inkişafı diqqət mərkəzindədir. İmkansız insanlara ayrılan sosial yardım, tələbələrə, qaçqınlara olan diqqətiniz göz qabağındadır. Biz birlikdəyik, birlikdə güclüyük. Çox hörmətli cənab Prezident, Ordubad rayonunun çoxsaylı müharibə, arxa cəbhə və əmək veteranları Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və bəyan edirlər ki, hər an Sizinlədirlər”.

Balakən rayonunun Qazma kəndindən Xəlifə Mirəliyev məktubunda qeyd edir: “Hörmətli cənab Prezident, dünyamızı bürüyən koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Həyata keçirdiyiniz təxirəsalınmaz, qabaqlayıcı tədbirlərin və vaxtında verilmiş qərarların nəticəsidir ki, Azərbaycanın tezliklə bu bəladan xilas olacağına hər kəsdə əminlik yaranıb. Son günlər virusdan sağalan xəstələrin sayının virusa yoluxanların sayını üstələməsi bunu deməyə əsas verir. Cənab Prezident, Sizə Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qətiyyətli tədbirlərə görə minnətdarlığımı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzulayıram. Allah Sizi və xalqımızı qorusun! Biz birlikdə güclüyük!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə