Əli Kərilmini Nelson Mnadelanı da ittiham edib? QARŞIDURMA

AXCP-nin hücumu, REAL-ın cavabı

Uzun müddət idi aralarında sakitlik hökm sürən AXCP və REAL partiyası arasında yenidən savaş yelləri əsməyə başlayıb. Məsələ ondadır ki, bugünlərdə Ali Məhkəmənin Plenumu realçıların sədri İlqar Məmmədova və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova bəraət hökmü verib. İlk başdan onu da qeyd edək ki, belə bir qərarın verilməsi Azərbaycanda demokratik mühitin inkişafı, eyni zamanda aparılan siyasi islahatların nəticəsidir. Bütün bunlar öz yerində. Lakin mövzudan yayınmayaraq, qayıdaq Əli Kərimlinin və onun sosial şəbəkə trollarının İ.Məmmədovun partiyasına başlatdığı hücumlarının məqsədlərinə.

Beləliklə, bəraət məsələsindən saatlar keçməmiş Ə.Kərimlinin təlimatına əsasən AXCP və “Milli Şura” tərəfdarlarının ittihamları yalnız köhnə “standartlarına” uyğun şəkildə səslənib. Guya REAL hakimiyyətlə anlaşmaya gedib, müxalifətə xəyanət edib və s. və i...

REAL-çılar cəbhəçiləri “bəsit təfəkkürlülər” adlandırdı

Əslində bu gözlənilən idi. Hələ 2018-ci ildə sosial şəbəkədə Ə.Kərimli ilə İ.Məmmədov arasında reytinq müqayisəsi aparılarkən, REAL sədrinin AXCP sədrini üstələməsi vəziyyəti gərginləşdirmişdi. Məhz ondan başlayaraq, Ə.Kərimli İ.Məmədovu və partiyasını özünə düşmən elan etmişdi. Amma onun bu kimi “qərarı” ümumiyyətlə, gündəmdə heç bir maraq oyatmadı. İctimai rəy də yaxşı bilirdi ki, bu Ə.Kərimlinin siyasi həyasızlıq nömrəsinin növbəti pərdəsidir.

REAL tərəfi də qarşı tərəfi cavabsız qoymur. Misal üçün, partiyanın icraçı katibi Natiq Cəfərli facebook səhifəsində paylaşdığı statusunda cəbhəçiləri bəsit təfəkkürlü adlandırıb. “Bu gün yenə cəmiyyətin bəzi üzvlərinin nə qədər bəsit təfəkkürlü olduğu üzə çıxdı”, yazan Cəfərli ifadələrində bir sıra əsaslar gətirərək sədrinin və partiyadaşının bəraət almasını müsbət qiymətləndirib.

Rəsul Cəfərovdan AXCP və “Milli Şura”ya: “Nətər adamlar var ala...”

Rəsul Cəfərov da ilginc status paylaşıb və AXCP-“Milli Şura” tərəfdarlarının ittihamlarına cavab verib: “Yaxşı, bəs bu qədər vacib və önəmli qərarla bağlı söz atanlara nə deyəsən indi?! REAL olaraq özümüz bəyanat yaymışıq ki, hökumətlə dialoq vacibdir, danışmaq lazımdır – bəzi fikri olub beyni olmayanlar ağıllı poza alıb, “gördüz, REAL hökumətlə danışır”, yazırlar. A bala, özümüz deyirik də bunu, danışıqlar da vacibdir ki, ölkə sivilləşsin...”

Cəbhəçiləri köhnə təfəkkürdə ittiham edən REAL təmsilçisi yazır: “Dünyada yeni düzən yaranır, bəziləri isə hələ də 88-ci ildə qalıblar. Olmur e belə, olmur ay qardaş, olmur ay bacı, qarayaxmalardansa bir az zaman tanıyın, görün bu işləri necə aparılacaq və bunun vətənə-millətə xeyri nə olacaq. Yəni olmazmı belə yanaşasınız?! Nətər adamlar var ala..”.

Natiq Cəfərli də cavabını gecikdirməyib: “Hakimiyyətlə, hökumətlə danışıqlar heç yerdə satqınlıq simvolu deyil”

Lakin Ə.Kərimlinin və ətrafının ən sərt və onları ələ salan cavabını yenə də N.Cəfərli verib: “Nelson Mandela 27 il türmədə yatdı. Çıxandan sonra hakimiyyətlə danışıqlar masasına oturdu və danışıqlar nəticəsində Cənubi Afrika Respublikasında yumşaq və sivil keçid baş verdi. Ümumiyyətlə, hakimiyyətlə, hökumətlə danışıqlar heç yerdə satqınlıq simvolu deyil. Bunu vaxtilə hakimiyyətlə danışıqlar aparanlar kompleksə çevirirlər. Cənubi Afrika Respublikasında AXCP-çilər olsaydılar, deyərdilər ki, Nelson Mandela satılıb”.

Göründüyü kimi, qaragüruhçu müxalifətin əsassız hücumlarına sivil müxalifətçilik mövqeyinə keçid edən və destruktivlikdən imtina edənlər heç də küyə getmədən cavab verirlər. Bu isə bir daha sübut edir ki, artıq küçə təfəkkürlü müxalifətin vaxtı çoxdan keçib və siyasi məzarlıqda yatmağının fərqinə varmır. Hər halda, AXCP-“Milli Şura”nın ittihamlarına REAL-çıların verdikləri cavablardan da bunu sezmək mümkündür...

Rövşən NURƏDDİNOĞLİ

Bütün xəbərlər Facebook səhifəmizdə