Dost dar gündə, çətində tanınar TƏHLİL

Dost dar gündə, çətində tanınar TƏHLİL

Pandemiya başlayan andan etibarən atılan addımlar, qabaqlayıcı tədbirlər, düşünülmüş və məqsədəuyğun siyasət sayəsində nailiyyətlərimiz saya-hesaba gəlməz. Bu tədbirlərin və belə bir çevik siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdə vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Dünyanın ən inkişaf etmiş, ən qabaqcıl ölkələrinin virusla mübarizədə acınacaqlı hallarla üz-üzə qalması fonunda Azərbaycan mübarizəni müvəffəqiyyətlə davam etdirilir və virusu bir növ cilovlamaq mümkün olub.

Koronavirus deyilən bəlanın dünya üzrə hansı acı nəticələrə səbəb olduğu statistik göstəricilərdə öz əksini tapır. Hər gün bu virusa yoluxma sayının və bu səbəbdən də ölüm sayının dünyanın ən inkişaf etmiş, ən qabaqcıl ölkələrində davam etməsi təsdiq edir ki, mövcud vəziyyət qlobal səviyyədə diqqət və ehtiyat tələb edir. Məhz tələb olunan belə bir diqqət və ehtiyata görə çox çevik səhiyyə siyasəti yürüdüldü ki, virusun öz məcrasını aşmasının qarşısını almaqda bunun danılmaz rolu oldu.

Əlbəttə ki, görülən tədbirlərlə yanaşı bir sıra həqiqətlərlə barışmaq da tələb olunur və hadisələrin gedişi zamanı bəlli oldu ki, karantin rejiminin uzadılması da ən vacib məsələlərdən biridir və bir neçə gün əvvəl bu da reallaşdırıldı. Cənab Prezidentin də dediyi kimi, ən öndə duran vətəndaşın sağlamlığıdır. Ümumiyyətlə, ölkə başçısının yürütdüyü və ölkədə aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını indi təkcə ölkə vətəndaşı deyil, dünya ictimaiyyəti də gördü və hətta ağız büzən radikallar da bunu etiraf etmək məcburiyyətində qaldılar. Bütün dünyada, əksər dövlətlər karantin rejimini uzadıb və belə bir tədbirin ölkəmizdə də görülməsi beynəlxalq miqyasda da qiymətləndirilir. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu virusla, pandemiya ilə mübarizə tədbirlərini dəyərləndirir və yüksək qiymət verir.

Təbii ki, virusla mübarizədə qalib gəlmək üçün karantin müddətinin uzadılması vacib məsələ idi. Amma etiraf etmək lazımdır ki, karantin müddətinin uzadılması ilə bundan irəli gələn bir sıra məsələlər də ortaya çıxır. Heç şübhəsiz ki, karantinin uzadılması nəticəsində insanlar evdə qalmaq məcburiyyəti ilə üzləşirlər və bu zaman təminat məsələləri də sual doğurur. Çünki, evdə qalmaqla vətəndaşların ən azından gəlirləri və bununla əlaqədar ehtiyaclarının da qarşılanması məsələsi ortaya çıxır. Çünki, evdə qalmağa məcbur olan vətəndaşlar şübhəsiz ki, sosial və iqtisadi problemlərlə üzləşməli olurlar. Məlum məsələdir ki, hansısa yolla bu ehtiyaclar, bu problemlər öz həllini tapmalıdır.

Cənab Prezident İlham Əliyev keçirdiyi videomüşavirədə də, videoiclasda da insanların üzləşməli olduğu tibbi, iqtisadi və sisoal məsələlərə toxundu və onların həlli istiqamətində çox mühüm addımlar atıldı. Qeyd olunduğu kimi, ilk öncə səhiyyə sahəsində kəskin addımlar atıldı və nəticədə ölkəmizdə yoluxma sayı dünyanın heç bir ölkəsi ilə müqaisəyə gəlməz dərəcədə aşağıdır. Əks halda, çox güman ki, ölkəmizdə də bu virusa yoluxanların sayı on minlərlə ölçülərdi və buna müvafiq olaraq ölüm sayı da artardı. Göründüyü kimi, bütün bu arzuolunmaz halların qarşısı müvəffəqiyyətlə alındı və bu proses hal-hazırda da uğurla davam etdirilir.

Təkcə səhiyyə sahəsində deyil, sosial, iqtisadi sahədə də addımlar atılıb və bu addımların miqyası davamlı olaraq böyüdülür. Vətəndaşların böyük əksəriyyətinin yardımlarla, sosial-iqtisadi dəstəklə təmin olunması məqsədi ilə işlər davam etdirilir və bu barədə ölkə başçısı keçirdiyi videoiclasda nazirlərə konkret tapşırıqlar da verib. Bu tapşırıqlar əslində ölkə başçısının, Cənab Prezidentin vətəndaşlara qayğısı deməkdir ki, bu qayğı sayəsində ehtiyacı olan kimsə kənarda qala bilməz. Eyni zamanda bu ondan xəbər verir ki, dövlət başçısı vətəndaşları belə çətin durumda tək qoymur, dövlətin diqqət və qayğısı ilə əhatə edir. Vətəndaşlara diqqət və qayğı istiqamətində görülən saysız-hesabsız tədbirlər günün reallığıdır və bu barədə indi hər kəs məlumatlıdır və bu tədbirlərin sayından da çox onun mahiyyəti daha dəyərlidir. Çünki, ölkə vətəndaşı yaxşı başa düşür ki, dövlət xərclərə görə deyil, vətəndaşa görə narahatdır və heç nəyi əhalidən əsirgəmir. Bu məqam eyni zamanda onu göstərir ki, insanların sağlamlığı, yaşayışı, şəraiti, qayğıları dövlət üçün hər şeydən üstün, hər şeydən önəmlidir.

Məsələnin mahiyyəti təkcə atılan addımlarla, maddi yardımlarla, vəsaitlərlə tamamlanmır və ən əsas məqam ondan ibarətdir ki, hər kəs dövlət başçısının çətin anda vətəndaşın yanında olduğunun bir daha şahididir. Şahididir ki, çətində vətəndaşların köməyinə ölkə başçısı, Cənab Prezident və onun rəhbərliyi ilə bu dövlət yetişir. İndi artıq bu dövlətə, bu hakimiyyətə ağız büzən radikallar, xalqın düşmənləri, dövlətin də, vətəndaşlarının da nüfuzuna xələl gətirməyə çalışan xaricdəki mühacir satqınlar da dərk etmək və etiraf etmək məcburiyyətindədirlər ki, ölkə vətəndaşının dostu onun rəhbəri, Azərbaycan Prezidenti və dövlətidir. Məşhur zərb məsəldə deyildiyi kimi, dost dar gündə, çətində tanınar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə