"Əsas məqsəd çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir" ÖZƏL-ŞƏRH
"4 aydır ki, dünyada və onun bir parçası olan ölkəmizdə koronavirus pandemiyası yaşanır. Düzdür, bəşəriyyəti lərzəyə salan koronavirus pandemiyası digər ölkələrlə müqayisədə respublikamızda gec "ayaq açsa" və martın ortalarından "çağırılmamış qonağın" fəsadları yaşanmaqda, davam etməkdədir. Amma bununla belə, yenə əksər ölkələrdən, xüsusilə də, dünyanın supergüclərindən fərqli olaraq, Prezident İlham Əliyevin ardıcıl, birmənalı və qətiyyətli addımları sayəsində ölkəmizdə koronavirus pandemiyası daha böyük fəsadlar və itkilərlə müşayiət olunmadı. Ardıcıl verilən qərarlar, fərmanlar, sərəncamlar, dövlət başçısının göstəriş və tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planı sayəsində koronavirus pandemiyasının genişlənib yayılmasının müəyyən qədər qarşısı alındı". Bunu SİA-ya millət vəkili Kamilə Əliyeva deyib.
Deputatın sözlərinə görə, məhz bunun sayəsində ölkəmiz dünyada pandemiyadan ən az ziyan çəkənlər sırasındadı: "Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Ona görə də dövlət başçısı tərəfindən dəfələrlə sahibkarlara müraciət olunmuşdur ki, iş yerləri ixtisar edilməsin. Məhz tədbirlər planına uyğun olaraq, 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edəcək. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq.
Artıq bir neçə gündür ki, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanılıb. Əgər ilk mərhələdə 200 min insan nəzərdə tutulurdusa, artıq onun əhatə dairəsinin genişləndirilərək 600 minə çatdırılması nəzərdə tutulur. Yəni, iki ay ərzində 190 manat birdəfəlik ödəmə alan insanlarımızın sayı 600 minə çatdırılacaq. Eyni zamanda, banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və ya təqribən 30 milyon dollar vəsait ayrılıb. Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Bununla yanaşı, həssas qrupa aid edilən 20 mindən çox ailənin övladlarının–əyani təhsil alan tələbələrin yaz və payız sessiyalarında, semestrlərindəki təhsil haqları dövlət tərəfindən ödəniləcək. Pandemiyadan zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən, mikro sahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesi uğurla gedir. Bu proses onlayn keçirilir, izahedici videoçarxlar, "Qaynar xətt" fəaliyyət göstərir. Son rəqəmlər də bundan ibarətdir ki, artıq 11 min 567 vergiödəyicisinə – toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib.
Həmçinin, ölkə başçısının tapşırığına uyğun olaraq, Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb. Belə ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada da əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər nəzərdə tutulur.
İkincisi, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin, vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi.
Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bu vergi güzəştləri təqdim edilir: epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən, dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin, əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı ölkə Prezidenti tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Bunlar hamısı inqilabi addımlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB