"Xalqın yanında olduğunuza görə Sizə minnətdarıq" Vətəndaşlar yazırlar

"Xalqın yanında olduğunuza görə Sizə minnətdarıq" Vətəndaşlar yazırlar

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən, eləcə də xaricdən çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar. SİA Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir.

Bakı şəhəri, Nizami rayonunun sakinləri olan Roza Səmədova, Elnur Qəniyev, Vahid Quliyev, Musa Həsənli yazırlar:

“Əziz Prezidentimiz.

Koronavirusla mübarizədə xalqımızı qorumaq üçün gördüyünüz səmərəli qabaqlayıcı tədbirləri alqışlayır, Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirik.

Çox sağ olun ki, bu çətin günlərdə xalqa dəstək olursunuz. Aztəminatlı ailələrə 190 manat birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar yeni sosial paketin təsdiq edilməsi təqdirəlayiqdir. Siz bununla bir çox işsiz ailənin evində ocağın alovlanmasına, qazanın qaynamasına, bir sözlə, onların xoş güzəranına səbəb oldunuz.

Sizə və ailənizə daim xoş günlər, evinizə bol ruzi-bərəkət arzulayırıq. Ulu Tanrı Sizi daim var eləsin, cənab Prezident!”.

Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Naxışnərgiz kənd sakini Qəzənfər Qurbanov Prezidentə yazdığı məktubunda qeyd edir:

“Hörmətli cənab Prezident.

Sizin sayənizdə xalqımızın təhlükəsizliyi və yaşayış səviyyəsi yüksək səviyyədədir. Hansı bəla gəlsə də, xalqımız yenə də Sizin sayənizdə rahat günlərini yaşayır.

Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı əvvəlcədən qəbul etdiyiniz qərarlara görə itkilərimiz başqa ölkələrlə müqayisədə dəfələrlə azdır. Ölkəmizdə bu sahədə əldə olunan müsbət nəticələrinə görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə təşəkkürümü bildirirəm”.

Bakı şəhəri, Səbail rayon sakini Əli Hümbətov: “Hörmətli cənab Prezident.

Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı.

Möhtərəm cənab Prezident, işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər. Ümid edirik ki, bütün dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Bir vətəndaş olaraq hamımız karantin qaydalarına, qoyulmuş qadağalara sonadək riayət etməliyik. Çünki yalnız bu yolla öz sağlamlığımızı qoruya bilərik.

Cənab Prezident, Sizə dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Orxan Qasımov məktubunda yazır: “Hörmətli cənab Prezident.

Koronavirusun dünyanı bürüdüyü bir zamanda Allahdan Sizə və xalqımıza səbir diləyir, tezliklə bu virusun aradan qalxmasını arzulayıram. Dualarımız daim Sizinlədir. Belə bir çətin zamanda xalqımızın yanında olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Biz qaydalara əməl edərək evdə qalmağın bəhrəsini tez bir zamanda görəcəyik. Artıq əldə edilən nəticələr də ümidvericidir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkəmizə əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə