"Dövlətin bütün maliyyə resursları əhalinin sosial rifahına səfərbər olunub" RƏY-ÖZƏL
“COVID-19 infeksiyasının geniş vüsət almasına baxmayaraq, hazırda ölkə vətəndaşlarının sosial təminatinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində genişmiqyaslı tədbirlər planı həyata keçirilir, bu istiqamətə dəstək məqsədilə fəal siyasət aparılır. Cənab Prezidentin uğurlu sosial siyasəti nəticəsində bu günə qədər 80 min ailə, 300 mindən artıq fərd ünvanlı sosial yardım proqramı ilə əhatə olunub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Tədbirlər planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb: “Bundan əlavə əmək müqaviləsi sayında azalma deyil, əksinə artım baş verib ki, təkcə aprel ayı üzrə 55 min artım, yanvar-aprel ayları üzrə isə 77 min artım qeydə alınıb. Bu çətin dövrdə də cənab Prezidentin xüsusi nəzarəti altında sosial ödənişlərin davamlılığı təmin edilib. Mindən çox şəxs stasionar şəraitdə sosial xidmətlə təmin olunub. Bundan əlavə, cənab Prezidentin insanların sosial müdafiəsini gücləndirmək üçün 200 min əvəzinə 600 min insana iki ay ərzində 190 manat vəsait verməsi ilə bağlı qərarı nəinki ölkə başçımızın uğurlu sosial siyasətinin, xüsusilə onun yüksək humanist keyfiyyətinin ən aydın ifadə formasıdır: Bu baxımdan tam əminliklə deyə bilirik ki, İlham Əliyev hər bir sosial təbəqədən olan vətəndaşın prezidentidir”.
Ş.Həsənova vurğulayıb ki, bu gün 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir: “Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi istiqamətində əsaslı işlər görülür. 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bu məqsədlə İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir ki, bu da hər il 250 ailəni əhatə edir. BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək göstərilir”.
Ölkə başçısının düşünülmüş sosial siyasəti nəticəsində Azərbaycanın MDB məkanında ilk sıralarda yer aldığını deyən politoloq söyləyib ki, Azərbaycan hətta bir çox Avropa ölkələrini belə qabaqlayır: “Dövlətin bütün maliyyə resursları əhalinin sosial rifahının yaxşılaşdırılmasına səfərbər olunub. İki amil arasında seçim edərkən “iqtisadi fəallıq ya insanların sağlamlığı vacibdir” məsələsində cənab Prezidentin düşünmədən insanların sağlamlığını seçməsi, bu məsələni prioritet tutması əslində ölkə başçımızın insan amilinə verdiyi ən yüksək dəyərdir. Görülən bütün tədbirlər ölkə başçımızın “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin aydın təzahür formasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB