"“Milli Şura”, AXCP, Müsavat kimi partiyaların koronavirusun tuğyan etdiyi bir dövrdə Azərbaycanın milli və dövlətçilik maraqlarına xəyanət yolu tutmaları onların Azərbaycanın maraqlarından kənar bir yol seçdiklərinin əyani sübutudur". Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.
E.Musayev bildirib ki, xalqdan ayrı düşən müxalif ünsürlərin Azərbaycana heç bir aidiyyatı yoxdur: “Onlar hər mərhələdə olduğu kimi, məlum dövrdə baş verən hadisələrə, koronavirusla mübarizə prosesinə də yalnız öz fərdi maraqları kontekstindən baxırlar. Tək arzuları da budur ki, vəziyyət nəzarətdən çıxsın, ölüm sayı çox olsun, əhalinin iqtisadi vəziyyəti pisləşsin və bu durumdan siyasi divident fonunda özləri üçün nəsə əldə eləsinlər, maksimum bəhrələnsinlər. Amma yenə alınmır. Yenə məğlubdurlar. Çünki dövlət yerindədir, bütün məsələlər nəzarətdədir, problem yoxdur və beləcə radikal müxalifətin, “5-ci kolon”un arzusu yenə gözlərində qalıb. “Milli Şura”nın və Əli Kərimlinin son dövrlər artan hədyanları, nifrinləri, daha da genişlənən anti-milli fəaliyyəti də bax həmin səbəblə bağlıdır. Rahatlaşmırlar heç cür. Daha doğrusu rahatlaşa bilmirlər. Hər formada yaramazlığa, təxribata əl atırlar. Sonra da deyirlər, siyasətçiyik, “vətən cəfakeşiyik”. Hərçənd özləri də yaxşı bilirlər ki, onların bu millətə və dövlətə vurduğu zərbəni tarix boyu kimsə vurmayıb”.
Millət vəkili onu da bildirib ki, Ə.Kərimli ətrafında saxladığı qolçomaqlarla internet üzərindən hücumlar edir, ölkədəki sabit və idarə olunan vəziyyətə kölgə salmağa çalışır, özünün quruluşçu rejissorluğu ilə yeni tamaşa səhnələri qurur, ictimai rəyi üzərinə çəkmək üçün dəridən qabıqdan çıxır, vurnuxur: “Fəqət, çıfayda, effekt yoxdur. Əksinə, maraq daha da azalıb. Bəyin “layk”ları tükənib. Diqqət sıfırdır. Bata bildikcə batır bu adam".
E.Musayev vurğulayıb ki, dövlət ayaq üstdədir, hökumət tərəfindən atılan bütün addımlar yerindədir və düzgündür: "Artıq xəstəliyə yoluxanlarla sağalanların arasındakı fərq ciddi bir şəkildə ikincinin xeyrinə doğru dəyişməyə başlayıb. Ümumbəşəri pandemiya üzərində qələbə qazanacağımız gün çox yaxındadır. Bu isə o deməkdir ki, “Milli Şura” ətrafında cəmlənən radikalların köməyinə koronavirus da çatmadı. Mənfur ünsürlər yenə öz xislətlərinin badına getdilər. Qazdıqları quyuya düşdülər. Arzuları bətndəcə dəfn olundu. “Milli Şura”, Ə.Kərimli və onların təəsübkeşləri Azərbaycan xalqının açıq və birmənalı düşmənləridir! Koronavirus dövründə müşayət edilən hadisələr də bir daha sübut etdi ki, belələrinin əsl layiq olduğu yer siyasət məkanı deyil, tarixin zibilliyidir! O yer ki, illərdir məskunlaşıblar, gömülüb qalıblar. O yer ki, ömürlük ünvanları olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB