Ermənistanın xarci siyasəti “dəhşətli bazar”dır TƏLAŞ VƏ QORXU

Ermənistanın xarci siyasəti “dəhşətli bazar”dır TƏLAŞ VƏ QORXU

Baş nazirin və XİN rəhbərinin istefası tələb olunur

Ermənistanın mövcud hakimiyyətinin xarici siyasət sahəsində də uğursuzluqlara uğraması artıq dəfələrlə sübuta yetirilib. Ümumiyyətlə, Nikol Paşinyan hökumətinin əvvəlki hakimiyyətlərdən fərqlənmədiyi atıq göz önündədir. Daha dəqiq desək, Ermənistanın işğalçılıq siyasəti bu ölkənin nəinki daxili resurslarını, həm də xarici siyasət resurslarını da tükəndirib. Əbəs deyil ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hətta onun müttəfiqi hesab edilən və ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya tərəfindən çıxdaş olunur, zaman-zaman ağır zərbələrə məruz qalır. Düzdür, əvvəlki hakimiyyətlərin Rusiyameyilli olması sözügedən məsələdə işğalçı ölkənin “sudan quru çıxmasına” imkanlar verirdi, ancaq indiki halda faktlar tamamilə əksini göstərir. Xüsusilə də, Rusiyanın Ermənistanın mövqeyini yenidən nəzərdən keçirməsi reallığı artıq heç nəyin əvvəlki kimi olmayacağı siqnallarını verməkdədir.

Əbəs deyil ki, məhz Paşinyan tərəfindən devrilmiş Serj Sarkisyan iqtidarının təmsilçiləri bugünlərdə Rusiyanın xarici işlər idarəsinin rəhbəri Sergey Lavrovun mövzu ətrafındakı bəyanatını Ermənistan üçün fəlakət hesab edirlər. SİA aysor.am-a istinadən xəbər verir ki, keçmiş iqtidar təmsilçisi – S.Sarkisyanın sədri olduğu Respublika partiyasının sədr müavini Armen Aşotyan faeybuk səhifəsində yazdığı statusunda bu məsələyə toxunaraq, əvvələ Nikol Paşinyanın 25 yanvar 2020-ci ildə Qafanda səsləndirdiyi “Hazırkı məqamda danışıqlar masasında heç bir sənəd yoxdur”, bəyanatını xatırladıb.

Daha sonra isə, Aşotyan Sergey Lavrovun 2020-ci il, 21 aprel tarixindəki “Ötən ilin aprelində həmsədrlərin iştirakı ilə Moskvada Rusiyanın, Ermənistanın və Azərbaycanın XİN rəhbərlərinin görüşündə layihələr qəbul edilib və ictimailəşdirilib. Bu layihələr hazırda aktiv şəkildə müzakirə olunurlar” bəyanatı xatırladıb və bu vasitə ilə Paşinyanın yalan danışdığını, xalqın “başına ip keçirib” oynatdığını bildirib.

Nəticədə Respublika partiyasının rəsmisi tələb irəli sürüb: “Tələb edirəm ki, Ermənistanın baş naziri Rusiya XİN rəhbərinin səsləndirdiyi, o cümlədən problemin mərhələli həlli variantı ilə bağlı verdiyi bəyanatına rəsmi açıqlama və izahat versin. SİTAT: “Bəsdir hər kəs axmaq yerinə qoyuldu. Bu məsələdə dəqiq olaraq “dəhşətli bazar” fikri yetişir”.

Erməni politoloqu Karen Bekaryan da sözügedən məsələ ilə bağlı, yəni Sergey Lavrovun bəyanatı ilə əlaqədar feysbuk səhifəsində yazıb: “Ermənistanın strateji müttəfiqi, Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri Sergey Lavrov danışıqlar masasında Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı sənədlərin olduğunu bildirib və vurğulayıb ki, həmin sənədlərin imzalanması BMT-nin qəbul etdiyi qətnamələrin həll olunması üçün mühüm addımdır”.

Əgər nəzərə alarsaq ki, BMT-nin qəbul etdiyi dörd məlum qətnamənin hər birində Ermənistanın işğalçılıq siyasəti sübuta yetirilib və torpaqlarımızın işğala məruz qaldığı göstərilib, habelə həmin torpaqların qeyd-şərtsiz azad edilməsi tələb olunur, bu zaman erməni ictimaiyyətinin təlaşlanması daha çox aydın görünməyə başlayır. Bu təlaşın kökündə isə əsas günahkar olaraq məhz Nikol Paşinyanın diplomatik uğursuzluğu göstərilməkdədir. Əbəs deyil ki, artıq bu reallıq bütövlükdə Ermənistanın məğlubiyyətə uğramasını da əks etdirməkdədir. Erməni politoloqu yazır: “...Bu, Ermənistanla Rusiya ikitərəfli əlaqələrinin bütünlüklə pozulması deməkdir. Əgər bu bəyanat həqiqəti əks etdirirsə, biz Ermənistanın və “Artsaxın” (dırnaqlar bizimdir-R.R.) milli-dövlətçilik maraqlarının süqutunu yaşayırıq. Ardınca isə, öz ictimaiyyətinə deyilən yalanı da görürük”.

Məhz bu baxımdan, Karen Bekaryan ölkəsinin xarici işlər nazirinin isefasını tələb edib. Onun sözlərinə görə, bütün hallarda o ya istefa verməli, ya da vəzifəsindən qovulmalıdır: “Əgər XİN rəhbəri getmirsə, demək bu məsələdə bilavasitə cavabdehliyi baş nazir daşıyır”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə