Trayan Besesku: “Azərbaycan ilə əməkdaşlıq etmək bizim üçün çox əhəmiyyətlidir”
"Bu gün hökumətlər səviyyəsində bir sıra sənədlərin imzalanması, eyni zamanda, strateji tərəfdaşlıq sahəsində imzalanmış sənəd əlaqələrimizdə böyük bir sıçrayış deməkdir". SİA-nın xəbərinə görə, bu fikirləri aprelin 18-də Azərbaycanla Rumıniya arasında sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Rumıniya prezidenti Trayan Besesku mətbuat üçün bəyanatında səsləndirib.
"Azərbaycan ilə əməkdaşlıq etmək bizim üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan Xəzər hövzəsinə bir körpü rolunu oynayır. Eyni zamanda, Rumıniya da Azərbaycan üçün Avropa bazarlarına bir körpü rolunu oynayır. Zənnimcə, biz əməkdaşlığımızı başladığımız vaxtdan bu günə qədər bütün təşəbbüslərimiz reallığa çevrilib. Bu, onu sübut edir ki, siyasi iradəmiz güclüdür və əməkdaşlığımız çox sürətlə həyata keçirilir. Bu, aydın göstərir ki, siyasi iradəmiz artıq iqtisadi sahədə əməkdaşlığımıza da töhfəsini verir. Çox sevindiricidir ki, biz bu gün AGRİ layihəsində də böyük uğura nail olmuşuq. Artıq müvafiq şirkət seçilib və dəyərləndirmə işləri həyata keçirilir. Bu onu göstərir ki, sentyabrdakı zirvə görüşündən sonra biz vaxtımızı boşa xərcləməmişik. Biz çox şadıq ki, əməkdaşlığımızı digər sahələrə də şamil edə bilmişik. Xüsusilə də informasiya texnologiyaları sahəsində. Artıq Rumıniya şirkəti bu sahədə fəaliyyət göstərir. Əminəm ki, biz bu sahədəki əməkdaşlığımızı gələcəkdə də genişləndirəcəyik. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyanın iqtisadi inkişafında yaxından iştirak edir. Rumıniyada həyata keçirilən özəlləşdirilmə prosesində ARDNŞ-in yaxından iştirakı da bizim üçün çox istənilən və arzuedilən olardı", deyə prezident bildirib.
Trayan Besesku müdafiə və hərbi sənaye sahələrində də iki ölkə arasında əməkdaşlığın artırılmasına tərəfdar olduğunu qeyd edib. "Zənnimcə, bu ilin ikinci yarısında biz Rumıniya ilə Azərbaycan arasında müvafiq sahədə sazişin müzakirəsini yekunlaşdıracağıq" deyə o əlavə edib.
Dağlıq Qarabağ məsələsinə toxunan T.Besesku Azərbaycanın böyük səbir və danışıqlarda səmimilik nümayiş etdirməsini çox yüksək qiymətləndirdiyini bildirib. "Rumıniya dondurulmuş bu münaqişənin həllinin uzanmasından çox böyük narahatlıq hissi keçirir. Bu münaqişə Qara dəniz hövzəsinə yaxın bir regionda yerləşir. Zənnimcə, bu region NATO, Avropa İttifaqı və Rumıniya üçün də çox əhəmiyyətli regiondur. Əminəm ki, bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət başlıca prinsip olmalıdır. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi məhz bu prinsiplər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmazlığı və beynəlxalq hüququn hörməti çərçivəsində öz həllini tapacaq", deyə T.Besesku bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB