“İrates” Ermənistanda xalq üsyanı və çörək qiyamından yazdı ANALİTİK

“İrates” Ermənistanda xalq üsyanı və çörək qiyamından yazdı ANALİTİK

“Nikol Paşinyan pat vəziyyətindədir və nəzarəti itirib”

Ermənistanda yaşanan sosial-iqtisadi böhranın əsas səbəbkarlarının əvvəlki hakimiyyətlər və hazırkı hökumətin olması kimsəyə sirr deyil. Lakin COVID-19 adlı virusun bəşəriyyətə elan etdiyi müharibə reallığında hansı ölkələrin qalib, hansılarının isə məğlub ayrılacaqları da az-çox bəlli olmaqda, görünməkdədir.

Xüsusilə, sabiq SSRİ dövlətlərində mövcud olan müxtəlif vəziyyətlər də belə qənaətə gəlməyə zəmin yaradır ki, hansı ölkə koronavirus pandemiyasına qarşı vaxtında önləyici, ciddi və təxirəsalınmaz tədbirlər görübsə, bu ölkələr insan itkiləri ilə yanaşı, iqtisadi itkilərdən minimal olaraq çıxa bilmək imkanını saxlayırlar.

Daha dəqiq desək, hətta dünyanın ən aparıcı dövlətlərində “korona” ilə aparılan savaşda məğlubiyyətlər nəzərə çarpır. Bu zaman sual oluna bilər ki, bəs infeksiya dünyanı cənginə almamışdan əvvəl iqtisadiyyatları ağır olan ölkələr hansı vəziyyətdədirlər və onların mövcud durumları hansı yerdə qalacaq? Məsələn, bu gün Ermənistandakı vəziyyət çərçivədən çıxıb və artıq Nikol Paşinyan hakimiyyəti hansı addımları atmasından asılı olmayaraq, bu müharibədən nəinki məğlubdur, hətta əsirə çevrilib.

“Bu, iqtisadi kollapsa gətirib çıxarır...”

SİA xəbər verir ki, ermənilərin bu barədə yazan “İrates” qəzetinin yazdığına görə, baş nazir pat halına düşüb və nəzarəti əldən buraxır. SİTAT: “Nikol Paşinyan tədricən situasiyaya nəzarəti əldən verir və itirir. Vilayətlərdə fəlakətli hal yaşanır – insanlar daha yaşaya bilmir, çörək qazanmaq imkanlarını itiriblər və bu iqtisadi kollapsa gətirib-çıxara bilər”.

Erməni nəşri eyni zamanda istisna etmir ki, Paşinyanın nəzarəti itirməsi sosial qiyam reallığını artırır. “Qiyam hər an partlayış şəklində baş qaldıra bilər”, yazan “İrates” həmçinin iddia edir ki, koronavirusun yayılması hələ pik həddinə çatmayıb.

Erməni nəşri: “Fövqəladə hala baxmayaraq, küçələrdə insanların sayı yenə də çoxdur və bu virusun yoluxma halında ikinci böyük dalğa yarada bilər”

Daha dəqiq desək, baş nazir Nikolun son günlər guya virusun “onurğa sütununun” qırılması ilə bağlı pafoslu fikri Ermənistan ictimaiyyətini kəskin həddə qıcıqlandırıb. SİTAT: “Onun bu “tapıntısı” ictimai rəydə inamsızlıq ilə yanaşı, həm də onun qeyri-ciddiliyini göstərir. Fövqəladə hala baxmayaraq, küçələrdə insanların sayı yenə də çoxdur və bu virusun yoluxma halında ikinci böyük dalğa yarada bilər. Bu hakimiyyət isə onun qarşısını almaqda acizdir”.

“İrates” nəşri post-koronavirus döövrünün də proqnozlarını verib və burada belə bir nəticəyə gəlinib ki, artıq Nikol Paşinyanın sonrakı addımlarının ölkə üçün, xalq üçün heç bir əhəmiyyəti olmayacaq.

“Bu referendum hakimiyyətin qəbirqazanına çevriləcək”

“Fövqəladə halın götürülməsindən sonra Paşinyan Konstitusiya məhkəməsinin üzvlərinə “həsr” olunmuş referendum kampaniyasını davam etdirəcək bu isə mövcud tarixdə kifayət qədər kəskin nəticələrə səbəb olacaq, bu referendum hakimiyyətin qəbirqazanına çevriləcək”, deyə erməni qəzeti mümkün proqnoz ehtimallarını irəli sürüb.

Göründüyü kimi, reallıqlar da göstərir ki, Ermənistandakı vəziyyət çox ağırdır və hətta SSRİ-nin əvvəllər də kasıb, ələbaxan ölkələri olan bir sıra respublikaları belə, mövcud zamanda Ermənistandan daha yaxşı vəziyyətədirlər. Bu gerçəklik isə nəinki post-koronavirus dövründə, hətta yaxın bir neçə gündə ölkədə xalq üsyanının, çörək qiyamının baş qaldırması ehtimallarını daha da çoxaldır. Hər halda, həmin məsələni elə erməni KİV-ləri də artıq neçə günlərdir ki, yazıb-ictimailəşdirməkdədirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə