Azərbaycan Milli İstiqlal Partiyası İctimai Palatanı tərk etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Milli İstiqlal Partiyası İctimai Palatanı tərk etməsi ilə bağlı bəyanat yayıb

Bu gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının iclası keçirilib. SİA-ya partiyadan verilən məlumata görə, iclasda bəyanat qəbul olunub. Bəyanatda deyilir: "AMİP İctimai Palatanın yaranmasının təşəbbüskarı və təsisçilərindən biridir. İctimai Palatanın yaranması zamanı qarşısına qoyduğu əsas məqsəd cəmiyyətə alternativ fikrin təqdim olunması, alternativ layihələr hazırlamaqla ictimaiyyətin təşkilatlanması və nəticədə hakimiyyətə alternativ gücün təqdim olunmasından ibarət idi. Keçən müddət ərzində komissiyaların yaradılması, regionlarda təşkilatlanma işinin əsas prioritet olması ilə bağlı koordinasiya şurası iclasında partiya sədri tərəfindən dəfələrlə fikirlər səsləndirilmişdir.

 

Partiya olaraq mövqeyimiz hakimiyyətə müxalif olan əksər siyasi partiyaların, ictimai birliklərin, bitərəf ziyalıların birgə fəaliyyətinin təmin olunmasından ibarət olmuşdur. Lakin çox təəssüflər olsun ki, keçən müddət ərzində İctimai Palata yarandığı zaman qarşısına qoyduğu məqsədlər istiqamətində fəaliyyətdən yayınmış və yalnız mitinqlərin keçirilməsi ilə bağlı fəaliyyət göstərmişdir. Nəticədə müxalifətin daha geniş spektrinin bir yerdə olmasının qarşısı alınmış, regional təşkilatlanma işi arxa plana keçirilmiş, bitərəflərin cəlb olunması istiqamətində əməli fəaliyyət göstərilməmişdir. Hədəf olaraq ancaq razılaşdırılmamış məkanlarda mitinqlərin keçirilməsi əsas götürülmüşdür. Bu isə öz növbəsində hakimiyyətin repressiv addımlar atması, onlarla müxalifət fəallarının həbsi, döyülməsi ilə nəticələnmiş və cəmiyyətdə olan etirazın səngiməsinə səbəb olmuşdur. 17 aprel tarixində keçirilmiş aksiyanın 2 aprellə müqayisədə daha az saylı olması isə birbaşa bunun nəticəsi kimi qiymətləndirilməlidir.

 

AMİP Siyasi Şurası olaraq mövcud situasiyanı müzakirə edərək bəyan edirik ki, partiya İctimai Palatanın qarşısına qoyduğu missiyanın həyata keçirilməsindən yayınmasını, cəmiyyətdə olan etiraz dalğasının yanlış istiqamətdə yönləndirilməsi məsuliyyətini öz üzərinə götürmədiyini bəyan edir və İctimai Palatadakı fəaliyyətini dayandırır. AMİP hakimiyyətin zorakı addımlarını, dinc insanlara qarşı repressiv fəaliyyətini, konstitusiya ilə təsbit olunmuş sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmısını pisləyir, aksiyalar zamanı həbs olunanların azadlığa buraxılması, qaldırılmış cinayət işlərinə xitam verilməsini tələb edir və siyasi hakimiyyəti alternativ fikrə dözümlü yanaşmaga çağırır.

 

Bəyan edirik ki, bundan sonra da müxalif partiya olaraq qarşımıza qoyduğumuz məqsədləq uğrunda ardıcıl fəaliyyət göstərəcəyik və bu istiqamətdə digər siyasi qüvvələri də əməkdaşlığa çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə