Səfər Əbiyev Türkiyənin quru qoşunları komandanı ilə görüşüb

Səfər Əbiyev Türkiyənin quru qoşunları komandanı ilə görüşüb

Aprelin 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının quru qoşunları komandanı ordu generalı Erdal Ceylanoğlunun Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanda Azərbaycan və Türk şəhidliyini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.


Geniştərkibli görüşdə Səfər Əbiyev ordu generalı E.Ceylanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayaraq Türkiyə ilə Azərbaycanı birləşdirən qırılmaz tellərin getdikcə bərkidiyini və bu qardaşlıq əlaqələrinin hər iki ölkənin milli və dövlətçilik maraqlarına söykəndiyini bildirib. Eyni fikri bölüşən türkiyəli qonaq da bu qardaşlığın daha yüksəklərə ucaldılmasının vacibliyini vurğulayıb.


Hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri görüş zamanı aparılan müzakirələrin əsas mahiyyətini təşkil edib.


Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç və Türkiyənin Azərbaycandakı hərbi attaşesi briqada generalı Özhan Ayaş iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə