“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsinə start verilib
"Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" layihəsinin icrasına başlayıb.
SİA-nın xəbərinə görə, birlik layihəni iki mərhələdə reallaşdırmağı planlaşdırır. Birinci mərhələdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Musiqi Akademiyası, Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Milli Konservatoriyanın tələbələrindən ibarət (hər birindən 3 tələbə) qrup üçün seminarlar təşkil ediləcək. Seminarlarda müasir Azərbaycan mədəniyyətinin inkişafında Ulu öndər Heydər Əliyevin rolu araşdırılacaq və mədəniyyətimizin yaradılması, qorunması və təbliğ olunmasında ötən əsrin 70-ci illərindən bu günədək həyata keçirilən böyük işlərin icmalı veriləcəkdir.
Artıq adı çəkilən universitetlərdə tələbələrin seçiminə başlanmış, mövzunun ayrı-ayrı istiqamətləri və aspektləri üzrə məruzəçilər müəyyən edilmiş və seminarların Mədəniyyət və İncəsənət Universitetinin binasında keçirilməsi üçün razılıq əldə edilib. Seminarların effektivliyinin artırılması üçün zəruri olan əyani vəsaitlərin əldə edilməsindən ötrü Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilmişdir. Həmçinin, məruzəçi qismində Mədəniyyət və Turizm Nazirliyi nümayəndələrinin də tədbirlərdə iştirakı planlaşdırılıb.
Layihənin icrasının may ayının əvvəllərindən başlanacaq ikinci mərhələsində gənclərin mədəniyyət və tələbə kollektivləri, görkəmli mədəniyyət və incəsənət xadimlərilə, eləcə də ictimaiyyətin ayrı-ayrı təbəqələrilə görüşləri, Umummilli liderin anadan olmasının 88 illiyinə həsr olunmuş rəsm sərgilərinin, poeziya, musiqi bayramlarının və digər kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB