"Azərbaycanın da AŞPA-ya sözü olacaq” ÖZƏL-ŞƏRH

"Azərbaycanın da AŞPA-ya sözü olacaq” ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi fikirlər həm Azərbaycanın uğurları baxımından, həm də hazırki mərhələdə koronovirusa qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyətin qiymətləndirilməsi baxımından çox mühüm idi". Bunu SİA-ya millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan dünya miqyasında koronovirusla mübariədə ən effektiv kompleks addımları həyata keçirən bir dövlətdir: "Bu Azərbaycan cəmiyyətində mövcud olan fikirlə yanaşı, həm də beynəlxalq instansiyalarda verilmiş qiymətdir. Ümumdünya Səhiyyə Təşkilatının bu ilin mart ayının 9-13-də Azərbaycanda səfərdə olmuş ekspert qrupu vəziyyəti qiymətləndirərək Azərbaycanın bu istiqamətdə fəaliyyətini təqdir etdi. Cənab Prezident də bunu səsləndirdi. Azərbaycan həmçinin ÜST çərçivəsində beynəlxalq miqyasda koronovirusla mübarizədə öz töhvəsini verməkdədir. Beləki ÜST ilə Azərbaycan arasında imzalanmış Donor sazişinə uyğun olaraq Azərbaycan quruma maliyyə yardımı etdi. Bu da o qənaətə gəlməyi şərtləndirir ki, ölkəmiz qlobal təhlükəsizlik məsələlərində də öz fəallığını saxlayır. Dünya ölkələrinin böyük əksəriyyəti əsasən öz daxili problemləri ilə məşğul olmaqdadırlar. Amma Azərbaycan tərəfi ölkədə koronovirusun yayılmasını nəzarət altına ala bilib. Bu baxımdan Azərbaycanda vəziyyət dünya ölkələri ilə müqayisədə müsbət mənada ciddi şəkildə fərqlənir. Eyni zamanda da beynəlxalq müstəvidə Azərbaycan öz fəallığını nümayiş etdirməkdədir. Nəzərə almaq lazımdır ki, ÜST-ün bu xətti ilə Azərbaycan bir sıra ölkələrə həm öz təcrübəsini təqdim edir, həm də digər praktiki yardımlarını göstərməkdədir.

Ölkə Prezidentinin müşavirədə toxunduğu digər mühüm məsələ ondan ibarət oldu ki, qondarma Dağlıq Qarabağ rejimi elə qondarma “seçki” keçirdi. “Seçkinin” nəticələri ümumilikdə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunmadı. Burada Azərbaycanın yaxından tərəfdaşlıq etdiyi, səmərəli fəaliyyət göstərdiyi beynəlxalq qurumları xüsusi qeyd etmək olar. Məsələn, Qoşulmama Hərəkatını, İslam Əməkdaşlıq Təşkilatını, ATƏT-i və s. qeyd etmək olar. Bu beynəlxalq təşkilatlar qondarma rejimdə keçirilmiş “seçkilərin” hüquqi qüvvəsini tanımadılar. ATƏT-in Minsk Qrupu tərəfindən səsləndirilmiş bəyanatda da qeyd olunmuşdur ki, qondarma rejimdə keçirilmiş “seçki” bütövlükdə rejimin hüquqi statusuna hər hansı bir formada təsir göstərmir. Bu və ya digər formada digər beynəlxalq təşkilatlar da keçirilmiş “seçkilərin” nəticəsini tanımadı. Amma çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, AŞPA bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymadı. Halbuki Azərbaycana qarşı həmişə qərəzli mövqeyi ilə seçilib. Amma Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanındığı bir halda AŞPA “seçkilərin” nəticələrini tanımaması ilə bağlı hər hansı bir mövqe sərgilmədi. Bu bir sıra məqamlardan xəbər verir. Birincisi bu o deməkdir ki, AŞPA Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyini nümayiş etdirir, ikincisi AŞPA bu gün öz mövqesizliyi ilə qondarma rejimə sanki loyal münasibətini nümayiş etdirir. Təbii ki, belə vəziyyət AŞPA-Azərbaycan münasibətlərinə xələl gətirir. Hesab edirəm ki, bundan sonra AŞPA Azərbaycan qarşı əsassız, qərəzli mövqe nümayiş etdirəcəyi təqdirdə Azərbaycanın da ona ünvanlanmış mövqeyi və sözü olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə