"Haqq-ədalətdən danışan AŞPA 1 milyon azərbaycanlı qaçqından da danışsın" - MÖVQE ÖZƏL

"Haqq-ədalətdən danışan AŞPA 1 milyon azərbaycanlı qaçqından da danışsın" - MÖVQE ÖZƏL

“Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejimin siyasi tamaşaları davam edir. Daölıq Qarabağda yaşayan ermənilərin təşkil etdiyi hər hansı siyasi tədbir Azərbaycanla razılaşdırılaraq, Azərbaycanın da iştirakı ilə həyata keçirilərsə legitim sayıla bilər. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağda hər hansı bir siyasi prosesə daxil olmaq hüququ yoxdur: “Keçirilən saxta seçkilərin birinci turu dünyanın heç bir ölkəsi və təşkilatı tərəfindən tanınmayıb və bu məsələ barədə mənfi reaksiyaları açıq şəkildə səsləndirilib. Qondarma seçkilərin ikinci turunun da taleyinin məhz bu cür olacağı əvvəldən bəlli idi. Dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma rejimdə siyasi seçkilərin keçirilməsi qəbuledilməzdir. Lakin Ermənistanın dəstəyi ilə bu işlər həyata keçirilir və dünya da bu məsələyə susqunluqla yanaşır. Ona görə ki, dünyada ikili standartlar var”.

A.Badamov vurğulayıb ki, xüsusilə AŞPA bu məsələyə düzgün və lazımı reaksiya vermir: “AŞPA Azərbaycana hər zaman qərəzli yanaşan bir təşkilatdır. Hər zaman insan haqqlarından, ədalətdən danışan bir qurum olduğu halda, Dağlıq Qarabağda azərbaycanlıların pozulan hüquqlarından heç vaxt danışmırlar. Nə az, nə çox 1 milyon azərbaycanlının hüquqları artıq 30 ilə yaxındır ki, pozulur. Sonda isə düşünürəm ki, bu seçkilərin keçirilməsi bir daha onu göstərir ki, Ermənistanı və DQR separaçı rejimi sadə əhali yox, sadəcə qurduqları siyasi oyunlar maraqlandırır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə