"Pandemiya təhlükəsi sovuşduqdan sonra islahatlar daha intensiv xarakter alacaq" ÖZƏL-MÜNASİBƏT
“Koronavirusla mübarizə bu gün dövlətimizin fəaliyyətində bir nömrəli məsələyə çevrilib. Prezidentimizin liderliyi altında hökumət vəziyyətə tam nəzarət edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında əks olunduğu kimi, Azərbaycan COVİD-19 ilə mübarizədə qabaqcıl ölkələr sırasındadır. Əlbəttə ki, dövlətimizin digər problemləri və qayğıları da az deyil”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, dövlət həyatının bu ağır günlərdə də harmonik inkişafını təmin etmək üçün ölkəmizin rəhbərliyi yüksək əzmkarlıq və fədakarlıq göstərir: “Ötən illərdən başlayaraq bütün sahələri əhatə edən geniş islahatların hazırkı ekstremal şəraitdə də uğurla davam etdirilməsi hər bir vətəndaşımızın ürəyincədir. Çünki, bu islahatlar dövlətimizin daha güclü, qüdrətli olmasına, insanlarımızın daha yaxşı firavan yaşamasına, ölkəmizdə dayanıqlı sabitliyin, normal siyasi münasibətlərin təmin olunmasına xidmət edir.
Bir partiya sədri kimi siyasi sferadakı əhəmiyyətli dəyişikliklərdən danışmaya bilmərəm. İqtidar müxalifət münasibətlərinin bu gün yeni formatda qurulması, bu tərəflər arasında dialoqun davamlı olması üçün Prezident Administrasiyasında yeni siyasi-partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar tərəfindən rəğbətlə qarşılanmışdır. Qeyd etmək yerinə düşərdi ki, sözü gedən şöbənin rəhbəri hamımızın yaxşı tanıdığı ziyalımız Ədalət Vəliyev Azərbaycan Prezidentinin bu vacib sahədəki siyasətinin həyata keçirilməsində xüsusi peşəkarlıq və bacarıq nümayiş etdirir. Müstəqillik tariximizdə ilk dəfə olaraq müxalifət partiyalarının nümayəndələrin qanunvericilik hakimiyyətinin rəhbər orqanlarında təmsil olunması cəmiyyətimizdə yeni müsbət bir ovqat formalaşdırmışdır. Bütün bu işlər ölkəmizdə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə öz layiqli töhfəsini verir. Artıq siyasi mübahisələr küçələrdə, meydanlarda deyil masa arxasında, parlament çərçivəsindəki müzakirələrdə çözüləcəkdir.
Söz yox ki, biz pandemiyaya qalib gəldikdən sonra, bu islahatlar daha intensiv xarakter alacaq və Azərbaycan güclü dövlət olaraq digər sahələrdəki kimi, demokratik inkişaf yolunda da çoxlu yeni uğurlara imza atacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB