Liviya müxalifəti yeni dövlət hazırlığında

Liviya müxalifəti yeni dövlət hazırlığında

Liviya müxalifəti Bengazidə yeni bir dövlətin təməlini atır. SİA-nın "Wall Street Journal" (WSJ) qəzetinə istinadən verdiyi məlumata görə, Müvəqqəti Milli Şura özlərinin nəzarətində olan mərkəz bank və Milli Neft şirkəti qurub, eyni zamanda yeni bir vergi sistemi üzərində işləyir. Müxalifət nəzarətdə saxladığı ərazilərdə özlərinə aid viza markalarından istifadə edir.

 

WSJ-nin xəbərinə görə, Liviya müxalifəti cinsiyyət, din və etnik ayrı-seçkilik edilmədən hər bir vətəndaşın bərabər qəbul ediləcəyi bir konstitusiya hazırlamaq işini yekunlaşdırmaq üzrədir. Ekspertlər də demokratiya, ifadə azadlığı üzərində qurulan konstitusiyanı Liviya müxalifətinin müstəqil bir hökumət halına gəlməsi baxımından dönüş nöqtəsi olaraq qiymətləndirir.

 

Keçən həftə Qətərın paytaxtı Dohada toplanan Liviya Təmas Qrupunun toplantısında da iştirak edən Liviya müxalifəti Qətər ilə yanaşı İtaliya və Fransa tərəfindən ölkənin qanuni nümayəndəsi olaraq tanınır. Fransa prezidenti Nikolya Sarkozinin Liviya müxalifətinin nümayəndələri ilə tez-tez görüşdüyü bildirilir. Qətər isə müvəqqəti Milli Şura ilə keçən həftələrdə neft razılaşması imzalayıb.

 

ABŞ və müttəfiqləri isə Liviya lideri Muammar Qəddafinin sığına biləcəyi bir ölkə axtarışını davam etdirir. "New York Times" qəzetinin verdiyi xəbərə görə, ABŞ Qəddafi üçün Beynəlxalq Cəza Məhkəməsinin müharibə günahkarlarını ölkələrinə geri qaytarmağı nəzərdə tutan Roma Razılaşmasını imzalamayan bir ölkə axtarır. Beynəlxalq Cəza Məhkəməsi tərəfindən mühakimə olunması gözlənilən Qəddafinin razılaşmaya qoşulmayan Afrika ölkələrindən birinə sığınacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə