Prezident İlham Əliyev: "O gülməli mənzərə yadımdadır ki, bunlar pencəyin, paltonun üstündən narıncı maykaları geyib küçələrə çıxmışdılar"
Artıq dəfələrlə vurğulanıb ki, özlərini müxalifətin "əsas" kəsimi kimi xalqa zorla sırımağa cəhd edən marginallaşmış qrup ünsürlərinin bütün addımları son anda gülüş, istehza hədəfinə çevrilir. Əslində burada qəribə, yaxud təəccüblü heç nə yoxdur. Dar çərçivəli düşüncə tərzi, küçə təfəkkürü və xəyanət simptomları özlərini "lider" adalandıranların əsas görünən cəhətlərinin bir hissəsidir.
Xüsusilə, dünyanın müxtəlif ölkələrində - istər Avropada, istər Şərqdə və s. qütblərdə baş verən hadisələrin dərhal Azərbaycanda da yaşanacağını "anons" edən sözügedən qrup sonda nə qədər yanıldığının, ciddi uğursuzluğa düçar olmasının fərqinə varsa da, çox gec olur. Yəni növbəti rüsvayçılıq onların biabırçı tarixlərinin səhifələrinə həkk olur. Artıq bu, danılmaz bir reallığa çevrilib, müxalifət dedikdə nimdaş, naftalin qoxusu verən bir qrup qaragüruhçu gözlər önünə gəlir.
Onların illərdən bəri göstərdikləri heç bir cəhdi baş tutmayıb
Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 14-də video-konfrans rejimində keçirdiyi müşavirəsində bir daha həmin qrupların ifşasını edib, əsl simalarını açaraq ortaya qoyub. Məsələ ondadır ki, sözdə müxalifət və onun "liderləri" uzun illərdir ki, özlərini xalqdan təcrid ediblər və pənahlarını daim xarici ölkələrdə fəaliyyət göstərən anti-Azərbaycan xarakterli dairələrdən umublar. Maliyyə, donorluq məsələlərinin hər birində sözün əsl mənasında düşmənçilik mövqelərini sərgiləyib, xəyanətkar sifarişləri həyata keçirməyə cəhdlər göstəriblər. Lakin fakt budur ki, onların illərdən bəri göstərdikləri heç bir cəhdi baş tutmayıb, bunun isə səbəbi dövlətini, Vətənini sevən xalqın onları birmənalı olaraq rədd etmələridir. Rəngdən-rəngə düşən, xarici ölkələrin dövlət başçılarının portretlərini, bayraqlarını ucuz aksiyalarında başları üzərinə qaldıran sözdə müxalifət "liderləri" məsxərə obyektinə çevriliblər və bu gün də belədir.
Komediya və şou...
Məhz bu kimi halları xatırlayarkən, dövlət başçısı İlham Əliyev həmin ünsürlərin gerçək sifətlərini faş edərək, bu həqiqətləri diqqətə çatdırıb, müxalifətdə olan bu qruplaşmaların vaxtilə Azərbaycanda "narıncı inqilab" başlatmaq cəhdlərini xatırladıb, onların həmin fəaliyyətini gülünc adlandırıb. SİTAT: "Yadınıza salın, 2005-ci ildə postsovet məkanında inqilablar baş verdiyi zaman onlar da bundan ruhlanıb "narıncı inqilab" etmək fikrinə düşmüşdülər. Hətta özləri üçün ayrı bir rəng də seçməkdə çətinlik çəkdilər, Ukraynadan o vaxt narıncı rəngi götürüb burada tətbiq etmək istədilər. Narıncı rəngdə maykalar, bantlar sifariş edib ölkəmizə gətirdilər. Ancaq bir şeyi nəzərə almadılar ki, o vaxt, 2005-ci ildə parlament seçkiləri noyabr ayında keçirilmişdi. Noyabrda artıq soyuqlar başlayır. O gülməli mənzərə yadımdadır ki, bunlar pencəyin, paltonun üstündən narıncı maykaları geyib küçələrə çıxmışdılar. Bəziləri isə boyunlarına salmış, bəziləri başlarına bağlamışdılar. Bu, bir komediya mənzərəsi yaradırdı. Bax, budur bunların qabiliyyəti. O da alınmadı. Ondan sonra "ərəb baharı" başlayanda yenə də ruhlandılar ki, bunların əlinə bir fürsət düşəcək. 2011-2012-ci illərdə Azərbaycanda "ərəb baharı"nın təkrarlanmasını istəmişdilər. O da alınmadı. 2013-cü ildə prezident seçkiləri ərəfəsində hansı eybəcər addımlar atmışdılar, onu hər kəs xatırlayır".
Prezident İlham Əliyevin bu xatırlatmasında bir sıra mühüm amillər növbəti dəfə nəzərə çarpır və insanları bütün bunlardan real nəticələr çıxarmağa sövq edir.
Bütün bunlar isə, həm də "beşinci kolon" adlandırılan hay-havarçı qaragüruhçuların məntiqi sonluğudur
Əgər marginallaşmış dağıdıcı qruplar "dövlət", "xalq", "millət" kimi şüarları əllərində bayraq edirlərsə, başqa-başqa ölkələrdə baş verənlərdən niyə bəhrələnirlər? Sual edilə bilər ki, 2005-ci ilin payızında keçmiş "Qələbə" kinoteatrının qarşısında başlarının üzərinə ABŞ-ın sabiq prezidenti Corc Buşun porterini qaldırarkən, düşünmürdülərmi ki, bu onlar bu vasitə ilə özlərini daha dərin uçuruma doğru sürükləyirlər? Tunisdə özünü yandıran göysatanı ölkəmizdə "qəhrəmanlaşdırıb" bundan öz qara məqsədləri üçün istifadə edərkən, anlamırdılarmı ki, xalq belə olan halda onlardan daha çox nifrət edəcək? Yaxud, Avropa ölkələrində baş verən iğtişaşlardan "vəcdə" gələrkən başa düşmürdülərmi ki, tamamilə ayrı bir dövlətin siyasi müxalifətçilik metodu heç vaxt Azərbaycanda keçməyəcək? Bəlkə də bunu anlayırdılar, amma pul-para, maliyyə, qrant maraqları onlar üçün ən vacib olan "meyar" idi. Bu gün də belə olaraq qalmaqdadır. Ataların daha tez-tez işlətdiyi bir məsəli var, qozbeli qəbir düzəldər. Amma bunların bellərindəki donqarlıq o qədər dərin kök salıb ki, heç qəbir də düzəldən deyil, baxmayaraq ki, artıq siyasi məzarlarına gömülüblər. Əgər sosial şəbəkələrdə, canlı yayımlarda çıxıb boş-boş çərənləyirlərsə, bu heç də onların siyasi cəhətdən ayaq üzərində qalmaları mənasını daşımır, əksinə, bu onların siyasi məzarlarından gələn uğultudan başqa heç nə deyil. Hətta nə dediklərini özləri də doğru-dürüst anlamırlar. Bütün bunlar isə, həm də "beşinci kolon" adlandırılan hay-havarçı qaragüruhçuların məntiqi sonluğudur. Dövlətimizin lideri də məhz həmin gerçəkliyi xalqa xatırlatmaqla, əslində kimin-kim olduğu reallığnı bütün faktlarla ortaya qoymuş oldu!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB