Əli Əhmədov: “İstəyirik ki, müxalifət mitinqləri siyasi fəaliyyətin yeganə forması kimi qəbul etməsinlər”
Bu gün iqtidara gəlmək üçün küçə yürüşləri təşkil edən 1992-93-cü illər iqtidarının xarici siyasəti, beynəlxalq əlaqələri çox pis səviyyədə idi. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov partiyanın Nizami rayon təşkilatında gənclər qarşısında çıxışı zamanı deyib.
Ermənilərə qarşı normal və düşünülmüş müqavimətin təşkil edilmədiyini deyən Ə.Əhmədov o zamankı iqtidarın absurd bir fikrə düşdüyünü deyib: "Gənc insanlar heç bir hazırlıq keçmədən cəbhə bölgəsinə aparılırdı. Təsəvvür edin ki, ali məktəblərdən çıxan gəncləri məktəblərin qarşısına gətirilən avtobuslara dolduraraq ailələrinə xəbər belə verilmədən döyüşə girməyə məcbur edilirdilər. Bunun da nəticəsi məlum idi, insanlar həlak olurdular. Məhz bu o dövrün reallığı idi".
Xarici siyasətdə də Azərbaycanın maraqları ifadə etmək AXCP-Müsavat iqtidarı üçün müşkül bir məsələyə çevrildiyini qeyd edən YAP icra katibi bildirib ki, Azərbaycan beynəlxalq aləmdən təcrid olunmaq həddinə çatmışdı. Ə.Əhmədov bildirib ki, bu qüvvələr hakimiyyətə gələndən 5-6 ay sonra xalq onları hakimiyyətdən qovmağa qərar verib: "O zaman bir sıra xarici və daxili amillərlə əlaqədar hakimiyyətə gələn, bəlkə də hakimiyyəti ələ alan qüvvələr cəmi bir il hakimiyyətdə qaldıqdan sonra xalq onları qovmaq qərarına gəldi. əslində belə bir qərar həmin iqtidarın hakimiyyətə gəlişindən cəmi 5-6 ay sonra verilmişdi. Artıq 5-6 ay sonra onların hakimiyyətdə qalmasının Azərbaycan üçün nə qədər təhlükəli olduğu dərk edilmişdi".
Ə.Əhmədov bildirib ki, Azərbaycan müxalifətçiləri bəzi gəncləri ətrafına toplayaraq küçələrdə mitinq keçirmək, polislə toqquşmaq üçün istifadə etməyə çalışır. YAP funksioneri əslində başqa cür müxalifət istədiklərini dilə gətirib: "İstəyirik ki, müxalifət inkarçılıq, düşmənçilik mövqeyində dayanmasın, vətəndaşları Azərbaycanın uğurlarını görməməyə, qarşıdurmaya səsləməsin. İstəyirik ki, müxaliftə mitinqləri siyasi fəaliyyətin yeganə forması kimi qəbul etməsinlər. Biz hər hansı siyasi təşkilatların mövcudluğundan narahat deyilik. Ancaq biz normal müxalifətin olmasını arzulayırıq".
YAP icra katibi mitinqlərin insanların istirahət üçün seçdikləri parklarda keçirilməsinin də qəbuledilməz olduğunu dilə gətirib: "İnsanlar gözləyirlər ki, həftə sonu gəlsin və ailəsi ilə parklara gedərək istirahət etsin. Müxalifət isə deyir ki, orada mitinq keçirəcəyik. Konstitusiya ilə onların sərbəst toplaşmaq hüququ var, amma eyni zamanda vətəndaşların istirahət hüququ tanınır. İnsanların istirahət hüququ heç də mitinq keçirmək hüququndan aşağı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB