Bir neçə aydan sonra koronavirusla bağlı keçmiş zamanda danışacağıq ÖZƏL - AÇIQLAMA
"Görülən işləri yüksək qiymətləndirən vətəndaşlarımız var və onlar bu ağır günlərdə məhz dövlət başçımıza dəstək olmaq üçün öz rəğbətlərini, dəstəklərini məktublarla ifadə edirlər. Bu çox sevindirici haldır". Bu sözləri SİA-ya açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı ölkə Prezidenti İlham Əliyevə vətəndaşlar tərəfindən ünvanlanan məktubların mahiyyətini dəyərləndirərkən deyib.
O bildirib ki, dövlət vətəndaşların yükünü azaltmaq üçün nə mümkündürsə, etməyə çalışır və koronavirusla mübarizəyə 2.5 milyard manat vəsait ayrılıb: "Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətini uğurla davam etdirir. Koronavirusla Mübarizə Fonduna 110 milyon manatdan artıq vəsait toplanıb. Əhalinin işləməyən təbəqəsinin təminatı üçün sosial layihələr, proqramlar icra olunur. Təbii ki, telliklə, əl-ələ verərək bu ağır vəziyyətdən çıxacağıq. Həkimlərin proqnozlaşdırdığı kimi, bəlkə həqiqətən də 1 və ya 2 aydan sonra koronavirusla bağlı keçmiş zamanda danışacağıq".
Aynur Camalqızı çox böyük təəssüflə vurğulayıb ki, bu ağır günlərdə belə görülən işləri gözdənsalma cəhdləri var: "5-ci kolon"un xaricdəki təmsilçiləri gecə-gündüz ölkə əleyhinə təbliğat aparırlar, müqayisələr edirlər ki, ölkədə "COVID-19" virusuna görə elan olunmuş karantinlə əlaqədar əhaliyə verilən yardımın həcmi azdır. Təsəvvür edin, Ermənistanda bu günədək əhaliyə dövlət səviyyəsində yardımı olunmayıb. Koronavirusla mübarizə fonduna cəmi 1.5 milyon dollar civarında ianə toplanıb. Onun təxminən 800 minə qədərini ermənilərin xaricdəki havadarları ianə edib. Digər qonşumuz Gürcüstanda hökumət əhaliyə maddi yardım etməyi düşünmür. Çünki buna maddi imkanı yoxdur. Müxalifət isə Azərbaycanı dünyanın fövqəldövləti olan ABŞ-la, Avropanın ən qüdrətli ölkəsi olan Almaniya ilə müqayisə edir. Amma nəzərə alınmır ki, bu ölkələrin büdcəsi, ÜDM həcmi nə qədərdir. Yəqin ki, izləyirsiniz, Azərbaycan hökumətinin koronavirusla bağlı həyata keçirdiyi tədbirləri bütün dünya maraqla izləyir, təqdir edir.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru öz çıxışlarında bir neçə dəfə Azərbaycanın dövlət səviyyəsində həyata keçirdiyi qabaqlayıcı tədbirləri nümunə göstərib. Bu tədbirlərin nəticəsində ölkəmizdə koronavirusa yoluxma səviyyəsi ən aşağı həddədir. Amma çox təəssüflər olsun ki, radikal müxalifət bütün bunları görməzlikdən gəlir. Görülən bunca gözəl işləri "görə bilmirlər". Koronavirus pandemiyası bir dövlətin, bir toplumun üzləşdiyi fəlakət deyil. Bütün bəşəriyyət qüvvələrini, imkanlarını birləşdirərərək bu bəladan qurtulmağa çalışır. Azərbaycanın radikal müxalifəti isə burnundan uzağı görə bilmir. Həmişə olduğu kimi. Biz Aprel müharibəsi zamanı - ordumuzun Lələtəpə yüksəkliyini erməni işğalından təmizləməsi zamanı da bu düşməncə münasibəti görmüşdük o qaragüruhlardan. Onlar aydın zəka ilə, sağlam təfəkkürlə baxa bilmirlər ölkəmizin uğurlarına. Ona görə də yaxşını pis, ağı qara kimi təqdim edirlər. Sosial şəbəkələrdə onların yazdıqları üfunət qoxuyur. Koronavirus dönəmində hətta Suriyada silahlı qarşıdurma bitib. Bizdə isə müxalif qaragüruhun "mübarizəsi" davam edir".
Onun sözlərinə görə, bu situasiyada əlbəttə, sevindirici haldır ki, görülən işləri yüksək qiymətləndirən vətəndaşlarımız da var və onlar bu ağır günlərdə məhz dövlət başçımıza dəstək olmaq üçün öz rəğbətlərini, dəstəklərini məktublarla ifadə edirlər: "Bu şox sevindirici haldır. O məktublarla media vasitəsilə tanışam. Hər birində ölkə Prezidentinə yüksək inam və sevgi nümayiş olunur. Mən əminəm ki, o məktublarda qeyd olunan fikirlər dövlət başçısını da bu çətin günlərdə ruhlanmağa sövq edir. Çünki hər birimizin - sıravi vətəndaşın da, Prezidentin də məhz xalqın və dövlətin gücünü, dəstəyini hiss etməyə ehtiyacı var. Ona görə də tez-tez, yeri gəldikcə bu dəstəyi ifadə etməliyik. Sözlə də, işlə də bir-birimizin yanında olduğumuzu göstərməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB