Ermənilər belə, Qarabağda keçirilən “seçkilərə” barmaqarası baxır ANALİTİK

Ermənilər belə, Qarabağda keçirilən “seçkilərə” barmaqarası baxır ANALİTİK

Zoqrab Mnatsakanyan: “Qarabağın gələcəyi Qarabağ olmadan həll olunmayacaq”

İşğal altındakı ərazilərimizdə - qondarma “DQR”də keçirilən “təkrar parlament və prezident” seçkilərinin “nəticələri” növbəti dəfə dünya birliyi tərəfindən tanınmamaqla yanaşı, elə ermənilərin siyasi-icitmai rəyi tərəfindən də tanınmamaqdadır. Ümumiyyətlə, bu “seçkilərin” oyun olduğunu dərk edən ermənilər müxtəlif fikirlərini bildirməklə, həmin oyunbazlığın gələcək üçün heç bir məna kəsb etmədiyini bəyan edirlər.

Ermənistanın hakim dairələrinin belə, bu məsələdə ortaq mövqeləri yoxdur və dolayısı ilə həmin “nəticələri” tanımırlar

“Dağlıq Qarabağın gələcəyi Qarabağ olmadan həll olunmayacaq. Bunun üçün Dağlıq Qarabağ səlahiyyətlilərinin uyğun bir mandatı olmalıdır”. SİA xəbər verir ki, bu fikirlərlə Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Dağlıq Qarabağda keçirilən saxta “seçkilər” və ona olan beynəlxalq reaksiyanı şərh edərkən səsləndirib. Daha dəqiq desək, dünya birliyinin “nəticələri” rədd etməsi sübut edir ki, hətta ermənilərin, daha dəqiq desək, Ermənistanın hakim dairələrinin belə, bu məsələdə ortaq mövqeləri yoxdur və dolayısı ilə həmin “nəticələri” tanımırlar. Ən azından, fakt budur ki, bu gün işğalçılıq siyasəti yürüdən Ermənistan “DQR”i dövlət kimi tanımır.

Onu da xatırladaq ki, Z.Mnatsakanyan bu sözləri erməni müxbirin Rusiyanın və Avropa Birliyinin Dağlıq Qarabağdakı “seçkilər”i və qondarma rejimin müstəqilliyini tanımadıqları barədə bəyanatlarına münasibətini öyrənərkən deyib.

Erməni nazir: “Qarabağ səlahiyyətlilərinin “seçkidə” alınan müvafiq bir mandatı olmalıdır”

Digər tərəfdən, Mnatsakanyanın fikirlərinin davamı Ermənistanın Dağlıq Qarabağ məsələsinə yanaşmasının əsl mahiyyəti baxımından diqqət çəkir: “Biz bununla bağlı qiymətləndirmələrlə tanışıq və bu, ardıcıl xarakter daşıyır. Lakin sülh prosesinin normal davamı bizim üçün son dərəcə vacibdir və biz buna daha çox diqqət yetiririk. Bundan əlavə, bizim mövqeyimizdə Dağlıq Qarabağın sülh prosesində subyekt kimi tanınması və rolunu vurğulamaq daha vacibdir. Qarabağ olmadan Qarabağın gələcəyinə qərar verilməyəcəyi başa düşülməlidir. Bunun üçün Qarabağ səlahiyyətlilərinin “seçkidə” alınan müvafiq bir mandatı olmalıdır”.

Başqa yandan, Ermənistan XİN-nin rəhbəri beynəlxalq aləmin verdikləri bəyanatları qulaqardına vurmaqla, əslində bir daha sübut edir ki, onlar işğalçılıq siyasətinin tərkib hissəsində yer almaqla yanaşı, dünya ölkələrinin çağırışlarına məhəl qoymurlar. “Verilən bəyanatlarda yeni heç nə deyilmədi”, bildirən Mnatsakanyan erməni həyasızlığını sərgiləməklə yanaşı, həmçinin Qarabağın müqəddəratının yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını da dərk edir. Çox yəqin ki, bu cür qarmaqarışıq cavabları ilə özünü dalana dirəmiş olur. Ancaq fakt budur ki, bəlkə də onun özü də bilmədən, belə bir saxta, qondarma “seçkilərin” nəticələrini tanımadığını bildirir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə