Müharibə gedir, düşmən məlumdur, lakin, görünmür ÖZƏL - AÇIQLAMA

"Müharibə gedir, burada düşmən məlumdur, lakin, görünmür. Bu vəziyyəti daha da çətinləşdirir, lakin buna baxmayaraq, hətta, qabaqcıl dövlətlərdə belə koronavirusla mübarizədə sanki pandemiya ilə barışmaq tendensiyası yaşandığı halda Azərbaycan bu məsələdə öz öncüllüyünü ortaya qoydu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva Türk Şurasının videokonfrans vasitəsilə həyata keçirilən fövqəladə Zirvə toplantısında Azərbaycanın pandemiya ilə mübarizə fonunda önə çıxmasından danışarkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev növbəti ilkinə, uğuruna və zəfərinə imza atdı və ilk dəfə olaraq türk dövlətləri tarixində videokonfrans vasitəsilə dövlət başçılarını bir araya gətirdi: "Prezident Türk Şurasının dövlət və rəhbərlərinin, dünyada yaşanan pandemiya ilə bağlı bir araya toplayıb, onların fövqəladə Zirvə toplantısını təşkil etdi. Azərbaycan bu qurumun həm təşəbbüşçüsü, həm yaradıcısı, həm də ən fəal üzvlərindən biridir. Hamıya məlumdur ki, ötən ilin payızında, oktyabr ayında Azərbaycanda qurumun növbəti möhtəşəm Zirvə görüşü baş tutmuşdu. Həmin görüşdə sədrlik növbəsi Azərbaycana keçmişdi. Azərbaycan bütün beynəlxalq təşkilatlarda üzvlük və sədrlik etdiyi dövrlərdə hər zaman qurumlara öz töhvəsini verib. Dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına öz töhvələrini verib, o cümlədən də Türk Şurasının həm üzvü kimi, həm də onun sədri kimi bu qurumun fəaliyyətinə də öz töhvələrini verib. Azərbaycanın bu quruma rəhbərlik etdiyi dövr əfsuslar olsun ki, dünyamız üçün çox çətin, həm də Türk Şurası ölkələri üçün çox gərgin bir dövrə təsadüf etdi. Bu da dünyada yaşanan koronavirus pandemiyası ilə bağlı idi".

Onun sözlərinə görə, videokonfransda da Azərbaycanın bu yöndəki addımları çox müsbət qiymətləndirilib və dünya üçün Azərbaycanın nümunə olduğu bildirilib: "Hamımız şahid olduq ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də videokonfransa qoşuldu. Onun tərəfindən də Azərbaycanın fəaliyyəti çox böyük qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyev Türk Şurasının digər dövlət və hökumət rəhbərlərinə Azərbaycanın bu məsələdə müsbət təcrübəyə malik olduğunu bundan yararlanmalarının faydalı ola biləcəyini dilə gətirdi. Bildirildi ki, Azərbaycanın sədrliyi dövründə digər məsələlərdə olduğu kimi bu təhlükənin də aradan qaldırılmasında səylər birləşdirilməlidir. Ölkə prezidentimiz bir daha Azərbaycanda görülən işlər haqqında, atılan addımlar haqqında məlumat verdi. Bir daha bəyan etdi ki, biz birlikdə bu bəladan xilas olacağıq".

Kamilə Əliyeva sonda qeyd etdi ki, Türk Şurasının üzvləri sözdə deyil, əməldə də artıq həmrəylik, birlik, əməkdaşlıq nümayiş etdirirlər və artıq bu təşkilat özünü dünyada təsdiqləməkdədir: "Təşkilatın qısa müddət ərzində nüfuzunun artmasında, dünyada tanınmasında Azərbaycanın verdiyi və bundan sonra da verəcəyi töhvələr misilsizdir. Prezident İlham Əliyevin son addımı isə bunun əyani sübutu idi. Bu Prezidentin liderlik qabiliyyətini bir daha dünyaya nümayiş etdirmiş oldu".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...