"Zirvə görüşü dövlətimizin gücünü, qüdrətini göstərdi" ÖZƏL-MÜNASİBƏT

"Zirvə görüşü dövlətimizin gücünü, qüdrətini göstərdi" ÖZƏL-MÜNASİBƏT

Türk Şurasının Zirvə Konfransı şuranın sədri Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə mövcud dünyadakı koronavirus pandemiyası ilə əlaqədar olaraq videokonfrans şəklində keçirildi və bu dünyada çox böyük əks-səda, böyük maraq doğurdu. Bu sözləri SİA-ya müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədrinin sözlərinə görə, bu maraq birinci ona görədir ki, Türk Şurası dünyada birinci və yeganə təşkilatdır ki, öz müzakirələrini pandemiyaya həsr etdi: “Beynəlxalq təşkilat kimi, birinci olaraq pandemiya problemini beynəlxalq bir problem kimi, ümumbəşəri problem kimi gündəmə gətirən, müzakirə edən və birlikdə mübarizə aparmağın zəruriliyini qeyd edən Türk Şurası oldu. Bu da Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu və bunun bir daha əlamətdar hadisə olması ondan ibarət oldu ki, Türk Şurasının bu videkonfransına həm də Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri qoşuldu və burada artıq Türk Şurası ümumdünya çapında koronavirusla mübarizə aparan beynəlxalq təşkilat kimi dünya tarixinə düşdü. Bu çox böyük bir tarixi addımdır, böyük bir tarixi nailiyyətdir. Sözsüz ki, pandemiya da bitəcəkdir, dünya öz əvvəlki yaşam tərzinə, həyatına qayıdacaqdır. Amma bu tarixdə qalacaq ki, pandemiya ilə mübarizədə ilk dəfə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurası beynəlxalq bir konfrans keçirdi və öz töhfələrini bu mübarizədə bəşəriyyətə verdi. Bu işin birinci tərəfidir. Digər tərəf ondan ibarətdir ki, həmin konfransda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Azərbaycanın koronavirusla mübarizəsini çox yüksək qiymətləndirdi, dünya üçün örnək adlandırdı və Azərbaycan təcrübəsinin bölüşülməsinin zəruriliyini vurğuladı və Azərbaycanın bu sahədə ən uğurlu mübarizə aparan ölkələr sırasında olduğunu göstərdi ki, bu da çox böyük bir nailiyyət idi. Eyni zamanda Cənab Prezident şuranın sədri kimi bütün konfrans boyu bu konfransı idarə etdi və Azərbaycanın koronavirusla mübarizədə əldə etdiyi təcrübəni Türk Şurası üzvləri ilə bölüşdü və eyni zamanda hər kəsə dəstək verməyə hazır olduğumuzu bildirdi. Bu da Azərbaycan dövlətinin gücü, qüdrəti, eyni zamanda təkcə beynəlxalq deyil həm də ümumdünya siyasətində aparıcı bir dövlət olduğunu bir daha göstərdi. Digər tərəfdən Türk Şurasının bu konfransa qoşulan digər liderləri də Azərbaycan haqqında, Azərbaycan Prezidenti haqqında, onun bütövlükdə ölkə üçün, region üçün, regionun inkişafı üçün, birliyimizin möhkəmlənməsi üçün gördüyü işlərlə yanaşı, həm də koronavirusla mübarizədə apardığı tədbirlərin çox önəmli olduğunu vurğuladılar və bir daha Azərbaycanın bu işdə nə qədər fəal olduğunu və Cənab Prezidentin nə qədər aparıcı rol oynadığını göstərdilər. Heç də təsadüfi deyil ki, videokonfrans qurtarandan sonra dünyanın aparıcı dövlətləri, aparıcı kütləvi informasiya vasitələri bunu bir müsbət nümunə kimi göstərərək digər təşkilatların, beynəlxalq təşkilatların bu şəkildə koronavirusla mübarizəyə qoşulmasını, beynəlxalq təcrübənin bolüşülməsini, beynəlxalq yardımlaşmanın vacibliyini vurğuladılar və Azərbaycanı nümunə göstərdilər. Bu təbii ki, bizim hamımızı sevindirir, inam hissimizi artırır və Azərbaycanın regionda, eləcə də bütövlükdə Türk Dövlətləri sırasında nüfuzunun yüksək olduğunu göstərir, aparıcı dövlət olduğunu göstərir və o inamı yaradır ki, koronavirusla mübarizədə də qısa müddət ərzində ən az itgilərlə çıxan dövlətlərdən biri də Azərbaycan olacaq və Azərbaycan bundan sonrakı sosial-iqtisadi, ictimai-siyasi inkişafında yeni bir mərhələyə qədəm qoyacaq və post-pandemiya dövründə də regionun və Türk Birliyinin aparıcı dövləti olacaqdır”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə