Bu layihələr dövlət büdcəsindən maliyyələşir ÖZƏL - AÇIQLAMA

"İqtisadiyyat subyektlərinə aid olan şirkətlərə kömək, onların əlavə vergilərdən azad olunması və s. bu kimi dövlət tərəfindən aparılan yumuşaldılmış siyasət həmin sosial problemlərin daha da uğurla həyata keçirilməsinə şərait yaradacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Məzahir Əfəndiyev koronavirusla mübarizə dövründə sosial rifaha yönəlmiş layihələrin tətbiqindən və ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması məsələsindən danışarkən deyib.

Millət vəkili bildirib ki, ümumiyyətlə koronavirus pandemiyasının şaxələnməsi iqtisadiyyatın bütün subyektlərinə təsir etməsi ondan xəbər verir ki, iqtisadiyyatda müəyyən çətinliklər əmələ gələ bilər: "Nəzərə alsaq ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, eləcə də Azərbaycan hökumətinin, müxtəlif dövlət institutlarının insanlara yönəlik, insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlik, onların həyat şəraitinin daha yüngül və asanlaşması istiqamətləndirilmiş layihələr var ki, onlar bilavasitə dövlət büdcəsindən maliyyələşən layihələrdir. Heç şübhəsiz ki, bu layihələrin də müəyyən mənada geriləməsində işarələr olacaqdır. Niyə çünki, bu layihələr dövlət büdcəsindən maliyyələşir".

Onun sözlərinə görə hazırda sosial rifahın yaxşılaşdırılması istiqamətində atılan addımlar bu fonda mühüm yer tutur: "Düşünürəm ki, bu gün artıq açıqlanmış 9 Paket, eləcə də istər İqtisadiyyat Nazirliyi tərəfindən, istər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən, istərsə də Nazirlər Kabineti rəhbərliyi tərəfindən və digər sahələrdə atılan addımlar, burada söhbət iqtisadiyyat subyektlərinə aid olan şirkətlərə kömək, onların əlavə vergilərdən azad olunması və s. bu kimi dövlət tərəfindən aparılan yumuşaldılmış siyasət həmin sosial problemlərin daha da uğurla həyata keçirilməsinə şərait yaradacaq. Lakin, bir daha söyləmək istərdim ki, bu layihələr dövlət büdcəsindən maliyyələşdiyi üçün dövlətin kifayət qədər ehtiyyatlı olması və qərarlaşdırılmış, çox düzgün istiqamətli layihələrin reallaşması üçün məsələləri hərtərəfli yenidən nəzərdən keçirməsi zəruridir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə