Ölkədə kimsəsiz uşaqlar üçün beynəlxalq layihə həyata keçirilir

Ölkədə kimsəsiz uşaqlar üçün beynəlxalq layihə həyata keçirilir
"Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyi kimsəsiz uşaqlar üçün Ümumdünya Sosial Maarifləndirmə Aksiyası çərçivəsində "My dream city" (Arzularımın şəhəri) beynəlxalq layihəsinin ölkəmizdəki təşkilatçısıdır. SİA-nın xəbərinə görə, bununla bağlı, Nizami rayonu 1 saylı uşaqlar evində layihəyə start verilib. "My dream city" beynəlxalq layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirilib. Uşaqlar öz bacarıqlarını ortaya qoyaraq bir-birindən gözəl rəsm əsərləri çəkiblər.

Layihənin birinci mərhələsində müsabiqədə iştirak edən rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yaxşıları seçilərək www.mydreamcity.org saytına yerləşdiriləcək. Həmçinin "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin Azərbaycan haqqında çap etdirəcəyi kitabda müsabiqə zamanı çəkilən rəsmlərin toplusu da olacaq. Layihənin həyata keçirilməsində Paşa Travel və El Studio şirkətləri xüsusi dəstək göstəriblər.

1 saylı uşaqlar evi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilərək istifadəyə verilib. Mehriban xanımın diqqəti və dəstəyi nəticəsində ölkəmizdəki uşaq evləri doğma ocaqlara çevrilib. 1 saylı uşaqlar evində yaradılan şərait dövlətimizin uşaqlara göstərdiyi xüsusi qayğının bariz nümunəsidir. Uşaqlar evinin direktoru Nərminə xanım uşaqlara diqqət ilə yanaşaraq onların bütün problemlərini üzündəki mehriban ana gülümsəməsi ilə həll edir.

Bütün xəbərlər Facebook səhifəmizdə