"Zirvə görüşünün keçirilməsi əlamətdar hadisədir" - RƏY ÖZƏL

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Əməkdaşlıq Şurasının Zirvə görüşü video konfrans vasitəsilə keçirilib. Bu konfransda türk dünyasının ölkə rəhbərləri, liderləri iştirak edib. Azərbaycanın Əməkdaşlıq Şurasına sədrlik etdiyi dövrdə məhz bu cür görüşün keçirilməsi əlamətdar hadisə idi. Zirvə görüşünün əsas məqsədi bu gün dünyada hökm sürən koronavirus pandemiyasına qarşı mübarizə və bu mübarizədə Əməkdaşlıq Şurasının birgə fəaliyyəti olub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, cənab Prezident koronavirusla mübarizə zəmnində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib: “Bu gün Azərbaycanın koronavirusla mübarizədə tətbiq etdiyi bir çox qaydalar dünyanın aparıcı dövlətlərinin həyata keçirdiyi tədbirlərdən geri qalmır. Məhz bunun sayəsində bu gün Azərbaycan bu virusun kütləvi şəkildə yayılmasının qarşısını ala bilir. İlin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, məktəblərin bağlanması, xaricdə yaşayan azərbaycanlıların çarter reyslərlə ölkəyə gətirilməsi, karantin rejiminin vaxtaşırı sərtləşdirilməsi kimi məsələlər bu qəbildəndir. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğun artırılmasını da buna misal göstərə bilərik”.

C.Osmanov bildirib ki, cənab Prezidentin tapşırığı ilə 50 minə yaxın yeni iş yerləri açılacaq: “Post koronavirus dövründə Azərbaycan iqtisadiyyatına dəyəcək zərərlərin minimuma endirilməsi üçün 2,5 milyard manat vəsait ayrılmasını cənab Prezident konfransda vurğulamaqla türk dünyasının liderlərini koronavirusla mübarizədə birgə fəaliyyət proqramının həyata keçirilməsinin daha məqsədə uyğun olduğunu söyləyib və bu təkliflə çıxış edib. Türk dünyasının liderləri də bu təklifi çox yüksək qiymətləndiriblər. Türkdilli dövlətlərin bu məsələdə birgə fəaliyyəti təbii ki, yaşana biləcək həm maddi, həm də mənəvi itkilərin daha az olmasına gətirib çıxaracaq. Bu fikiri də Əməkdaşlıq Şurasının bütün üzvləri yekdilliklə qəbul ediblər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə