Rusiya arxivləri sübut edir ki, “erməni soyqırımı” beynəlxalq yalandır
Moskvada "Erməni məsələsi Rusiya dövlət arxivlərinin 120 sənədində" adlı kitab çapdan çıxıb. SİA-nın xəbərinə görə, bu kitab erməni soyqırımı barədə iddiaları təkzib edir, müxtəlif tarixçi və qondarma tarixçilər tərəfindən müxtəlif şəkildə interpretasiya edilən bir sıra tarixi hadisələrə aydınlıq gətirir.
Rusiyanın dövlət arxivlərindən götürülmüş 120 nadir sənədin əslinə istinad edilən bu araşdırmanın müəllifi türkiyəli tarixçi Mehmet Perinçekdir. M.Perinçekin topladığı mühüm sənədlər yalnız Rusiya arxivlərində saxlanılır.
Kitabın giriş hissəsində qeyd edilir ki, erməni məsələsi və onunla birbaşa bağlı olan erməni soyqırımı barədə iddialar son vaxtlar Türkiyə və bütün dünya ictimaiyyətini narahat edən ən mübahisəli məsələlərdən biridir. 1915-1923-cü illərdə baş vermiş hadisələrin ən mühüm şahidi bilavasitə Türkiyə və erməni tərəfi ilə yanaşı çar Rusiyası, sonra isə sovet Rusiyası olmuşdur. Bu baxımdan Rusiya dövlət arxivlərində saxlanılan sənədlər erməni məsələsinin mübahisəli məqamları barədə həqiqətin müəyyən edilməsi işində mühüm rol oynaya bilər.
Bu sənədlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar "erməni soyqırımının beynəlxalq yalan olmasını aşkar və mübahisəsiz şəkildə sübut edir". Tarixçi-müəllif yazır: "Bu sənədlər açıq-aşkar sübut edir ki, 1915-1920-ci illərdə erməni drujinaları Zaqafqaziyada, Şərqi Anadoluda və Adana və Maraş regionlarını əhatə edən, Kilikiya deyilən bölgədə Türkiyənin və Azərbaycanın türk əhalisini, eləcə də kürdləri qırmaq siyasəti həyata keçiriblər. Sənədlər sübut edir ki, Birinci Dünya müharibəsi ərəfəsində və müharibədən sonra həm bir-biri ilə döyüşən dövlətlər, həm də ayrı-ayrı xalqlar səviyyəsində qarşılıqlı qırğın halları olmuşdur. Müəllif bir neçə maraqlı nəticə çıxarır. Həmin nəticələrin biri bundan ibarətdir ki, erməni və müsəlman dövlətləri arasında müharibə və qarşılıqlı qırğın başlanmasına görə məsuliyyət Qərbin imperialist dövlətlərinin və çar Rusiyasının üzərinə düşür. Tədqiqatda deyilir: "Osmanlı imperiyasının ərazisini bölüşdürməyə çalışan Böyük dövlətlər radikal millətçi əhval-ruhiyyəli erməni birləşmələrini türklərə qarşı müharibəyə təhrik edirdilər. Belə vəziyyətdə Osmanlı dövləti, bu ölkənin hökuməti və müsəlman əhalisi hərbi tədbirlər görmüş və erməni könüllü dəstələrinin üsyanlarını zor gücünə yatıraraq öz Vətənini qorumaq məqsədilə ədalətli müharibə aparmışdır".
Kitabda çarizm dövründə Osmanlı imperiyasındakı ermənilərin həyat şəraiti, erməni millətçiliyinin yaranması və spesifikası, Birinci Dünya müharibəsində ermənilərə həvalə edilmiş missiya, həmçinin türkiyəli ermənilərin imperialistlərin planlarının həyata keçirilməsində əlaltılara çevrilməsi, qaniçən erməni könüllü drujinalarının quldurluq siyasəti barədə sənədlər verilmişdir. Sovet dövrünə aid arxivlərdən bu kitaba daxil edilmiş sənədlər daşnak Ermənistanın rolu və etnik təmizləmələr siyasəti, Türkiyə ilə Sovet hakimiyyəti arasında ittifaq və İkinci Dünya müharibəsində daşnakların nasistlər tərəfindən idarə edilən siyasəti, müsəlman əhalinin sayca ermənilərdən qat-qat artıq olması barədə və bir sıra başqa nadir sənədlər toplanmışdır.
Şübhə yoxdur ki, müəllifin ciddi araşdırmalarının məhsulu olan bu kitab qondarma erməni məsələsinə dair tarixi həqiqətin obyektiv işıqlandırılması və başa düşülməsi üçün ciddi arqument olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB