“Azərbaycanda koronavirusun şəriki "Milli Şura"dır" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Azərbaycanda koronavirusun şəriki də var. Bu, sutkanın 24 saatı, həftənin 7 günü, gecə-gündüz Azərbaycana qarşı şər-böhtan kampaniyası aparan "Milli Şura" adlı qurumudur. Heyif o "milli" ifadəsindən ki, bu bədxahlar onu da öz məqsədləri üçün istifadə edirlər". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, müxtəlif xarici fondların və mərkəzlərin idarə etdiyi bu şura, onun aparıcı simaları- Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri Azərbaycan dövlətinin koronavirusla çox ciddi bir mübarizə apardığı dövrdə daha da fəallaşıblar: "Onlar ABŞ-dan, Avropanın bir çox ölkələrindən "YouTube", "Facebook" və s. sosial şəbəkələr vasitəsilə yayınlanan "Osmanqızı" ,"Azərbaycan saatı" və başqa internet televiziyaları vasitəsilə ölkəmizdə çaşqınlıq,panika, kütləvi psixoz yaratmağa çalışırlar.

Yeni bir cəfəng bəyanatla çıxış edən bu antiazərbaycan şəbəkəsi yenə də cəmiyyətdə ümidsizlik, çarəsizlik "mənzərəsi" yaratmaq, Azərbaycan hökumətinin gördüyü böyük işlərə qara yaxmağa çalışırlar. Özlərindən və ağalarından başqa heç kimi dinləməyən bu radikallar heç olmasa növbəti cəfəng bəyanatların yaydıqları bir vaxtda-Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Türk Şurasının Zirvə toplantısına qatılan Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun Azərbaycanın bu bəşəri bəla ilə mübarizəsinə verdiyi çox müsbət qiyməti və ölkə rəhbərliyinə etdiyi təşəkkürə diqqət yetirəydilər.

Azərbaycan xalqı bu bədxahları yaxşı tanıyır. Onları cəmiyyət çoxdan çıxdaş edib, bütün seçkilərdə uduza-uduza gedirlər. Bu gün ölkəmizdə xalqımızın sağlamlığının, həyatının qorunmasında,əhalinin sosial, iqtisadi, maliyyə itkilərinin yüngülləşdirilməsində Azərbaycan hökuməti bütün mümkün tədbirləri görür.

Başda Prezidentimiz İlham Əliyev olmaqla, dövlət qurumlarının atdıqları qabaqlayıcı səmərəli addımlar Azərbaycanı ABŞ-ın, Avropanın bir çox dövlətlərinin bu gün üzləşdiyi duruma düşməkdən xilas etdi. Dövlət rəhbərimizin bütün fəaliyyəti insanların sağlamlığının qorunmasına, milli təhlükəsizliyimizin təmin olunmasına yönəlmişdir. Xalqımız birmənalı şəkildə Prezidentimizin və onun komandasının bu fəaliyyətini dəstəkləyir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə