Prezident Salyan şəhərində olub

Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdırıb qayıdarkən yolüstü Salyan şəhərində olub. SİA-nın xəbərinə görə, salyanlılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Şəhər ictimaiyyəti adından çıxış edən sakin deyib: "Əziz Prezidentimiz! Salyan torpağına qədəmləriniz mübarək olsun, xoş gəlmisiniz! Sizin - ulu öndərimizin yadigarının apardığı işləri gördükcə biz fərəh hissi keçiririk. Bu quruculuq işləri qəlbimizi iftixar hissi ilə döyündürür. Azərbaycanda böyük işlər görülür. Hamımız bunun şahidiyik. Salyanda son vaxtlar bənzəri olmayan quruculuq, abadlıq işlərinə başlanmışdır. Bunların hamısı Sizin sayənizdədir. Mən Sizinlə həmişə görüşəndə yadıma bir misra düşür:

"Sən ülfət və məhəbbətlə doğulmusan qoşa oğul,

Çiçək-çiçək arzuların toxunmasın daşa oğul".

Yolunuz həmişə uğurlu olsun. Bu yol bizi tezliklə Qarabağımıza aparsın.

Sakinləri ürəkdən salamlayan Prezident İlham Əliyev bildirib ki, Salyan şəhərinin gözəl inkişaf planı hazırlanır: "Bu yaxınlarda icra başçısı mənə məlumat verdi və o planı təqdim etdi. Mən də onu bəyəndim, dəstəklədim. İndi əlavə vəsait ayrılacaqdır. Salyan Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir.

Burada gözəl xiyabanlar, binalar tikiləcək, təmir işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaqdır. Qazlaşdırma, içməli su, kanalizasiya layihələri, sosial infrastruktur - bütün bu işlər planlarda vardır".

Sonra Prezident İlham Əliyev Salyan şəhərini gəzdi.

Dövlətimizin başçısı şəhərdə görülən işlərlə maraqlandı. Rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, şəhərdəki bütün binaların fasadları tamamilə dəyişdiriləcək, küçələrin kənarındakı xidmət və ticarət obyektlərinin xarici görünüşü müasir memarlıq üslubunda qurulacaqdır.

Mərkəzi küçələrin işıqlandırma sistemləri tamamilə yeniləşəcəkdir. Bunun üçün xüsusi işıqlandırma sistemləri və dirəklər sifariş verilmişdir. Şəhərin küçələri boyu çəkilən hasarlar çay daşları ilə bəzədiləcəkdir.Həmçinin Tahir Kərimov Kürün Salyan ərazisindən keçən hissəsinin məcrasının dəyişdirilməsi ilə bağlı hazırlanan layihə barədə də dövlətimizin başçısına məlumat verdi.

Şəhərdə görülən işlərlə tanışlıq zamanı Prezident İlham Əliyev sakinlərlə bir daha görüşdü, onların qayğıları və problemləri ilə maraqlandı. Ölkənin hər yerində olduğu kimi, Salyanda da mövcud problemlərin aradan qaldırılması üçün görülən tədbirlərdən və nəzərdə tutulan proqram və layihələrdən danışdı.

Salyanlılar dövlətimizin başçısını hərarətlə yola saldılar.

Bütün xəbərlər Facebook səhifəmizdə