Azərbaycan Prezidenti Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Prezidenti Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, yeni yolun istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı bildirib ki, beynəlxalq standartlara cavab verən bu yol bir neçə kəndi birləşdirir və bu səbəbdən də böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev Astaraya bir neçə dəfədir ki, səfər etdiyini qeyd edərək, rayonda bir çox layihələrin icra edildiyini deyib. Dövlətimizin başçısı ölkədə regionların sosial-iqtisadi inkişafı proqramının uğurla həyata keçirildiyini və bunun nəticəsinin Astarada da müşahidə olunduğunu vurğulayıb.

Astarada son illərdə istehsalın artdığını, yeni müəssisələrin istifadəyə verildiyini, məktəb, uşaq bağçalarının inşa olunduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanda gedən dinamik inkişaf barədə danışıb. Son illərdə maaşların və pensiyaların bir neçə dəfə artdığını, bir neçə aydan sonra növbəti artımın gözlənildiyini bildirib.

Rayon sakini Kazım Əliyev Astara ictimaiyyəti adından dövlətimizin başçısına təşəkkürlərini çatdırıb. Qeyd edib ki, yeni yoldan 10 minlərə astaralı istifadə edəcək və bu çox böyük xeyirxahlıqdır. K.Əliyev Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin xalq tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Sonda rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə